Almaz Əsədova: “Əhali arasında müşahidə olunan soyuqdəymə və zökəm halları hava dəyişikliyi ilə əlaqədardır”

Almaz Əsədova: “Əhali arasında müşahidə olunan soyuqdəymə və zökəm halları hava dəyişikliyi ilə əlaqədardır”
# 01 oktyabr 2012 08:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Son günlər əhali arasında müşahidə olunan soyuqdəymə və zökəm halları hava dəyişikliyi ilə əlaqədardır. Bu barədə APA-ya Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib. Onun sözlərinə görə, ilin bu fəslində orqanizm nisbətən zəifləyir, immunitet aşağı düşür: “Hazırda müşahidə olunan xəstəlik qrip deyil, zökəmdir. Qrip A, B, C və digər viruslar tərəfindən törədilir. Hər şeyi qriplə bağlamaq olmaz. Burundan selik gəlməsi, başağrısı və qripə oxşar digər əlamətlər soyuqdəymədə də müşahidə olunduğundan əhali bu xəstəlikləri qarışdırır. Onları ayırd etmək də çətindir”.

Laboratoriya müdiri əlavə edib ki, bu cür dəyişkən hava şəraiti insanlarda təzyiq əmələ gəlməsinə, ürək-qan-damar sistemi zədələnmələrinin yaranmasına da səbəb ola bilər.

A. Əsədova bildirib ki, bu il qriplə bağlı laboratoriyaya 191 nəfər müraciət edib: “Onlardan 17 nəfərdə A qripi aşkarlanıb. Bu, aşağı göstəricidir. Bu günlərdə qriplə bağlı instituta müraciət daxil olmayıb”.

Həkim qripdən qorunmaq üçün əhaliyə tövsiyələr də verib: “İndi meyvə-tərəvəzin, göyərtinin bol vaxtıdır. Onlardan səmərəli istifadə etməklə immuniteti gücləndirmək, vitamin çatışmazlığını aradan qaldırmaq olar. Uşaqları xəstə adamlardan uzaq tutmaq lazımdır. İctimai nəqliyyatdan, metrodan istifadə etdikdə də diqqətli olmaq lazımdır. Viruslara yoluxmamaq üçün insanlar sanitar-gigiyenik qaydalara riayət etməli, imkan daxilində nəqliyyatdakı əl tutanlardan tutmamalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR