Ağsu şəhərində torpaq altında XVI əsrə aid məscid aşkar edilib

Ağsu şəhərində torpaq altında XVI əsrə aid məscid aşkar edilib
# 11 sentyabr 2012 16:42 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov-APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının nümayəndələri Ağsu şəhərinin Şıxməzid məhəlləsində torpağın altından XVI əsrə aid məscid aşkar ediblər. APA-nın məlumatına görə, vətəndaşlara verilən yeni həyətyanı torpaq sahələrində ağır texnika ilə hamarlama işləri aparılarkən üzə çıxan və orta əsrlərə aid tikinti qalıqlarının olduğu müəyyənləşdirilən həmin ərazidə arxeoloqlar tərəfindən geniş qazıntı və tədqiqat işləri aparılıb. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib və orada hər hansı inşaat işlərinin aparılmaması tövsiyə olunub.
Tədqiqat işləri zamanı ərazidə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikilən düzbucaqlı formasında bina aşkara çıxarılıb. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.

Ərazidə aparılan ilkin kəşfiyyat axtarışları zamanı aşkar edilmiş tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri etibarilə, xüsusən də qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq hücrələrinin mövcudluğu aşkar olunan binanın məscid olduğu qənaətinə gəlinir. İlkin tədqiqatlar zamanı aşkar olunan müxtəlif çeşidli maddi-mədəniyyət nümunələri, o cümlədən Şirvanşah Qazi bəy və I Təhmasibin hakimiyyəti illərində Şamaxıda zərb olunmuş sikkələr Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki məscidin ən geci XVI əsrin ortalarından etibarən intensiv istifadədə olduğunu deməyə əsas verir. Şıxməzid məscidinin nə vaxt və kim tərəfindən inşa olunduğunu müəyyənləşdirmək üçün orada arxeoloji tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rayonun yaşlı sakinlərinin dediyinə görə Şıxməzid məscidi və türbəsi 1930-cu ildə sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR