ABŞ hökuməti səfirliklər ətrafındakı vəziyyəti izləmək üçün xüsusi qrup yaradıb

ABŞ hökuməti səfirliklər ətrafındakı vəziyyəti izləmək üçün xüsusi qrup yaradıb
# 15 sentyabr 2012 07:00 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, buna səbəb bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində ABŞ səfirliklərinə hücumlar edilməsidir.

Son günlər “Müsəlmanların məsumiyyəti” adlı filmin yayılmasından sonra bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində nümayişlər keçirilib və ABŞ səfirliklərinə hücumlar olub. O cümlədən Liviyanın Benqazi şəhərində ABŞ konsulluğunun qranatomyotdan atəşə tutulması nəticəsində ABŞ-ın bu ölkədəki səfiri Kris Stivens, səfirliyin informasiya departamentinin əməkdaşı Şon Smit və iki keçmiş xüsusi təyinatlı həlak olub.

“ABŞ administrasiyası günün 24 saatında səfirliklərin təhlükəsizliyi ilə bağlı vəziyyəti izləyəcək və zəruri koordinasiyanı təmin edəcək xüsusi qrup yaradıb. Qrup bütün dünyada ABŞ vətəndaşlarının müdafiəsi üçün səfirliklərlə işləyəcək” – deyə ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama ölkənin səfirliklərində təhlükəsizlik rejimini gücləndirmək barədə göstəriş verib və amerikalıları müdafiə etmək üçün hər şey edəcəyini vəd edib. Pentaqon isə səfirliklərə hücumdan sonra dəniz piyadalarının sayını artırmaq haqqında qərar qəbul edib. Artıq Liviya, Yəmən və Sudana dəniz piyadalarının əlavə bölmələri göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR