Akademik Milli Dram Teatrının kollektivi IV Tiflis Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrının kollektivi IV Tiflis Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 24 sentyabr 2012 15:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Akademik Milli Dram Teatrının kollektivi IV Tiflis Beynəlxalq Teatr Festivalında təmsil olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhz bu məqsədlə teatr kollektivi 25-29 sentyabr tarixlərində Gürcüstanda səfərdə olacaq.

Tiflis Beynəlxalq Teatr Festivalı 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və böyük tamaşaçı marağı cəlb edir. Statistik məlumatlara görə, bu günə qədər festival 30 minə yaxın tamaşaçı auditoriyası toplaya bilib. 14-30 sentyabr tarixlərində keçirilən festivalda Azərbaycanla yanaşı, İsveç, Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika, Moldova kimi ölkələrin teatr kollektivlərinin də iştirakı gözlənilir.

Festival çərçivəsində tamaşalar Ş.Rustaveli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Musiqi və Dram Teatrının, A.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının, Azad Teatrın və digər teatrların binasında nümayiş olunacaq. “Azdrama” festivalda xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Moldovalı rejissor Petru Vutkereunun quruluş verdiyi “Şekspir” tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsində, yerli vaxtla saat 20.00-da nümayiş olunacaq.

Tamaşa ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Akademik Milli Dram Teatrının təşəbbüsü ilə hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada əməkdar artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (baş həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (ər-arvad) və Anar Heybətov (Drob 13) çıxış edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR