Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi son bir ildə 30% artıb

Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi son bir ildə 30% artıb
# 20 iyul 2012 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 924,9 mln. manat vəsait yönəldilib ki, onun 57,1%-i və ya 3 384,0 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 29,6% artıb: «Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 3 476,3 mln. manat, qeyri-dövlət müəssisələri isə 2 448,6 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 2 742,3 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 3 182,6 mln. manatlıq vəsaitdən istifadə edilib».

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 77,9%-ni daxili, 22,1%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 71,3%-i dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 28,7%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

«Cari ilin ötən altı ayında dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 2 402,9 mln. manatından istifadə edilib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, ilin əvvəlindən Bakıda «Baku Crystal Hall» İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, «Qafqaz Baku City Hotel and Rezidences» və «JW Marriott Apsheron» hotelləri, Zirə İdman Kompleksi, «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində «Azgüntex» zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda «Ayan Palace» oteli, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Balakən rayonunda Mazımçay üzərində yeni körpü və digər obyektlər istifadəyə verilib. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 796,7 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik ümumtəhsil məktəbi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR