Azərbaycan bank sistemi II rübü zərərlə başa vurub

Azərbaycan bank sistemi II rübü zərərlə başa vurub
# 10 avqust 2012 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-iyun ayları ərzində 19,11 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu göstərici 3,9 dəfə azdır.

Cari ilin yanvar-mart ayları ərzində bankların məcmu mənfəəti 38,61 mln. manat təşkil edib ki, aprel-iyun aylarında banklar 19,5 mln. manatlıq zərərlə işləyib.

Yanvar-iyun aylarında bankların faiz gəlirləri 593,69 mln. manat, faiz xərcləri 321,47 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 272,23 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 163,01 mln. manat, qeyri-faiz xərcləri isə 284,96 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 121,95 mln. manata bərabər zərər yaranıb.

Qeyd edək ki, yanvar-iyun ayları ərzində Azərbaycanın 35 kommersiya bankı mənfəətlə, 9-u isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 109,05 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 98,80 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR