ADİU-da TEMPUS layihəsi çərçivəsində “Layihə Məlumat Günü” keçirilib

ADİU-da TEMPUS layihəsi çərçivəsində “Layihə Məlumat Günü” keçirilib
# 02 iyul 2015 08:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində “Layihə Məlumat Günü” (Project Info Day) keçirilib.

ADİU marketinq və kommunikasiya departamentindən APA-ya bildirilib ki, tədbirdə layihənin tərəfdaşları olan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan) və Kujand Dövlət Universitetinin (Tacikistan) əməkdaşları iştirak ediblər. Tədbirə layihənin tərəfdaşı olmayan digər universitetlərin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti) beynəlxalq əlaqələr üzrə müvafiq əməkdaşları da qatılıblar.

Tədbirdə Təhsil Nazirliyinin Tələbələrə dəstək sektorunun müdiri Sülhəddin Gözəlov çıxış edərək, nazirliyin TEMPUS UNIVIA layihəsini dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycanda Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov TEMPUS UNIVIA-nı ən uğurlu layihə kimi qiymətləndirib və tərəfdaşların gələcəkdə bu tip layihələrdə də iştirak edə biləcəklərini qeyd edib.

ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov TEMPUS UNIVIA layihəsinin il yarımlıq fəaliyyət müddəti ərzində görülən işlərdən, əldə olunan uğurlardan danışıb. Layihənin reallaşmasında yaxından iştirak edən Təhsil Nazirliyinə, tərəfdaş universitetlərə və Azərbaycanda Milli Erasmus+ Ofisinə təşəkkürünü bildirib.

Tədbirdə layihənin universitetlərdə beynəlxalq əməkdaşlıq sahəsinin inkişafına göstərdiyi təsirdən bəhs edilib və layihə çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilib.

Tərəfdaş universitetlərin nümayəndələri təqdimatlarla çıxış edərək, həmin universitetdə layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR