Bank Of Baku

ABŞ prezidenti yeni İraq strategiyasını açıqlayıb, münaqişə zonasına daha 21.500 əsgər göndəriləcək

ABŞ prezidenti yeni İraq strategiyasını açıqlayıb, münaqişə zonasına daha 21.500 əsgər göndəriləcək
# 11 yanvar 2007 08:19 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş yeni İraq strategiyasının əsaslarını açıqlayıb. APA-nın məlumatına görə, yeni strategiyada bu il ərzində İraqa daha 21.500 ABŞ əsgəri göndərilməsi nəzərdə tutulur. Yeni hərbi kontingentin bir hissəsi (17.500) Bağdadda, bir hissəsi isə (4.000) Əl-Ənbər vilayətində dislokasiya ediləcək. ABŞ İraqdakı hərbi kontingentin tərkibini artırsa da, bu əsgərlərin müharibə zonasında nə qədər qalacağı məlum deyil. İraqda ABŞ hərbi kontingentinin artırılmasına yanvarın 15-dən başlanacaq. Münaqişə zonasına əlavə qüvvələr cəlb olunması üçün ABŞ büdcəsindən əlavə olaraq 5.6 milyard dollar ayrılması nəzərdə tutulur. Lakin Konqresdə səs çoxluğuna malik olan demokratların yeni İraq strategiyasını dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil. ABŞ İraqa dair yeni planlarında Nuri əl-Maliki hökumətinə ciddi təzyiqlərin göstərilməsi də nəzərdə tutulur. Vaşinqton ölkənin sünni əhalisinin siyasi proseslərdə iştirakını təmin edilməsi, yeni neft qanununun çıxarılması, sabiq BƏƏS üzvlərinin ölkənin ictimai-siyasi həyatında iştirakını qadağan edən qanunun yumşaldılması üçün İraq hökumətinə təzyiqlər edəcək. Prezident Buş bəyan edib ki, İraq hökuməti bu tələbləri yerinə yetirməsə, rəsmi Vaşinqton əl-Maliki hökumətinə yardımları dayandıracaq. Bundan başqa yeni strategiyada 2007-ci il ərzində İraq hökumətinə 10 milyard dollar əvəzsiz yardım göstərilməsi haqqında bənd də öz əksini tapıb. Prezident Buş çıxışında Suriya və İranın ünvanına ağır ittihamlar səsləndirib. İranı İraqda məzhəblərarası qarşıdurmanı qızışdırmaqda suçlandıran Buş Suriya hökumətini də Başdad hökumətinə qarşı çıxanlara dəstək verməkdə günahlandırıb. Səudiyyə Ərəbistanı, İordaniya və digər Fars Körfəzi ölkələrini İraq hökumətinə dəstək verməyə çağıran Buş bildirib ki, ABŞ İraqda uğursuzluğa düçar olarsa, bu körfəz ölkələri üçün də təhlükə yaradacaq. Buşun açıqladığı yeni strategiyada Türkiyə-İraq sərhədində mövcud problemlərin həlli üçün cəhdlərin artırılacağı barədə müddəa qeyd alınsa da, Vaşinqtonun PKK siyasəti tam açıqlanmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR