Luis Enrike: “Xoşbəxtlikdən heç vaxt “Barselona” ilə qarşılaşmayacağıq”

Luis Enrike: “Xoşbəxtlikdən heç vaxt “Barselona” ilə qarşılaşmayacağıq”
# 17 mart 2016 12:07 (UTC +04:00)

Bakı – APA. “Arsenal”ın cavab görüşündəki təzyiqini çox gözəl başa düşürəm. Çünki onlar qələbə qazanmaq istəyirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsində iki oyunun cəminə görə, “Arsenal”a 5:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi adını növbəti mərhələyə yazdırıb. Luis Enrike yeni rekorda imza atmalarına da münasibət bildirib: “Belə oyunlarda temp olduqca yüksək olur. Qarşılaşma boyu bizi durmadan dəstəklədikləri üçün azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Çempionlar Liqasında ardıcıl 9-cu dəfə 1/4 finala vəsiqə qazanmağımız unikal nailiyyətdi. 10 mövsümün 9-da 1/4 finala qədər irəliləyən başqa bir komandanın olduğunu düşünmürəm”.

Sabah 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. İspaniyalı mütəxəssis “hansı komanda ilə qarşılaşmaq istəməzdiniz?” sualını özünəməxsus şəkildə cavablandırıb: “Püşk bizi hansı komandaya rəqib etsə, bundan məmnun qalacam. Üz-üzə gəlməyimizi istəmədiyim yeganə komanda “Barselona”dı. Xoşbəxtlikdən heç vaxt bu komanda ilə qarşılaşmayacağıq”.

“Bavariya” – “Yuventus” cütlüyündəki mübarizəyə də münasibət bildirən Luis Enrike almanların mübarizəni davam etdirməsinə sevinib: “Pep Qvardilaya görə sevinirəm ki, “Bavariya” yoluna davam etdi. O, uğur qazanmağa layiq adamdı və Pepin komandası belə tez dayana bilməzdi. O, “Yuventus” üzərində qələbənin memarı idi. Bu iki komanda Çempionlar Liqasının favoritləri sayılırdılar. Əsas rəqiblərimizdən birinin sıradan çıxması bizim üçün sevindirici oldu”.

46 yaşlı mütəxəssis “Arsenal”la cavab qarşılaşmasında hərəyə bir qol vuran Lionel Messi, Luis Suares və Neymar barədə fikirlərini də bölüşüb: “Messi-Neymar-Suares “trio”su rəqib qapısı qarşısında çox təhlükəlidi. Top bu “üçlük”də olanda onların arxasında olan futbolçular istirahət edirlər. Onlar hətta müdafiəyə də kömək edirlər. Bu isə istənilən komanda üçün üstünlükdü. Komanda bu 3 oyunçunu, onlar da digərlərini sevirlər. Belə güclü hücum xəttinə malik olduğumuz üçün çox şadam. Ümumiyyətlə, bizim unikal futbolçularımız çoxdu. Hansı ki, individual şəkildə hər biri çox güclüdü. Buna baxmayaraq, hamı komanda oyununa üstünlük verir. Bu da bizim uğurumuzun sirridi”.

Qeyd edək ki, Londonda Messinin dublu sayəsində 2 cavabsız qolla “Arsenal” üzərində qalib gələn “Barselona” “Nou Kamp”dakı qarşılaşmada 3:1 hesablı qələbəyə sevinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR