Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir yenilik hazırlanıb

Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir yenilik hazırlanıb
# 13 iyul 2016 12:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsində (DGK) "Risklərin İdarə Olunması sistemi əsasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" prinsipi" mövzusunda təqdimat keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən DGK-nin sədri Aydın Əliyev bildirib ki, beynəlxalq ticarət sistemində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ticarət münasibətlərinin daha mürəkkəb xarakter alması, ticarət-təchizat zəncirində qlobal təhlükələrin artması, həmçinin gömrük sisteminin inkişafı ilə bağlı Azərbaycan hökumətinin müəyyən etdiyi prioritet hədəflər qurum tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində daha çevik və müasir metodların tətbiqini tələb edir.

A. Əliyev yeni sistemin tətbiqini prezident İlham Əliyevin bu ilin birinci yarısında gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması ilə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin həllinə uyğun olaraq atılmış mühüm addım kimi qiymətləndirib.

Komitə sədri onu da bildirib ki, gömrük xidmətində risklərin idarə olunması sisteminin tətbiqi beynəlxalq təcrübədə təkmil sərhəd idarəçiliyi həllərinin ən mühüm komponentlərindən biri olaraq qəbul edilir.

Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev tətbiq olunan yeniliyə əsasən sərhəd gömrük buraxılış məntəqələrində, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı daxili gömrük orqanlarında mallara və nəqliyyat vasitələrinə qabaqcadan müəyyən olunmuş risk meyarları və risk profilləri əsasında gömrük nəzarəti həyata keçiriləcəyini bildirib. İ. Babayev yeni sistemin gömrük qanunvericiliyinin tələblərinə riayət edən sahibkarlara bir sıra üstünlüklər gətirməklə gömrük əməliyyatlarını daha asan, çevik və daha az xərclə həyata keçirməyə imkan verəcəyini vurğulayıb.

Daha sonra Audit və Risk Analizləri İdarəsinin Risk analizləri şöbəsinin rəisi Ziya Ağayev, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin rəisi Qadir Abdullayev və Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Layihələrin idarə olunması şöbəsinin baş inspektoru Elşən Məmmədov təqdimatlarla çıxış edərək yeni sistemin üstün imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR