FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib
# 26 fevral 2016 13:36 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.

FHN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Xocalı soyqırımı haqqında danışaraq bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib.

Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan natiq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. O, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirmiş və Xocalıda həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov və baş zabit kapitan Kəmalə Rzazadə Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu nəzərə çatdırmış və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əmin olduqlarını bildiriblər.

Toplantıda Xocalı faciəsinə həsr olunmuş sənədli film də nümayiş olunub.

Tədbirdən sonra iştirakçılar Akademiyada Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə açılmış Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR