Damcılı mağarasında arxeoloji qazıntılara başlanılıb

Damcılı mağarasında arxeoloji qazıntılara başlanılıb
# 23 avqust 2016 14:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrlərinin son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulub.

Azərbaycan ərazisində bir neçə ildir tədqiqatlar aparan daş dövrü üzrə mütəxəssisləşmiş yaponiyalı professor Yoşihiro Nişiaki qoruq ərazisindən tapılan alətlərin Azərbaycanın digər ərazilərindən tapılan alətlərə nisbətən daha qədim olduğunu düşünürlər.

Nazirlikdən bildiriblər ki, ilkin arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, Damcılıda elmə yararlı kifayət qədər materiallar əldə edilib. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

Növbəti ilin yayında tədqiqatlar daha geniş sahədə davam etdiriləcək. Gələn ilin arxeoloji tədqiqatları zamanı Qazax rayonu ərazisində yerləşən Ali təhsil ocaqlarının tələbələrinin, qoruq əməkdaşlarının və gənc mütəxəssislərin də bu tədqiqatlara cəlb olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR