Azərbaycan gələn il diplomatik nümayəndəliklərinin saxlanılmasına 71 mln. manatdan çox vəsait ayıracaq

Azərbaycan gələn il diplomatik nümayəndəliklərinin saxlanılmasına 71 mln. manatdan çox vəsait ayıracaq
# 15 sentyabr 2015 09:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 193,3 mln. manat vəsait proqnozlaşdırılıb.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Gələn il diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 71,3 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 32,0 mln. manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 90,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitin 70 mln. manatını Azərbaycan tərəfindən Serbiyaya verilən kreditlə bağlı xərclər, 20 mln. manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.

Qeyd edək ki, gələn il beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərcləri 2015-ci il ilə müqayisədə 17,1 mln. manat və ya 8,13% azdır. Bundan fərqli olaraq, 2016-cı ildə diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılmasına builkindən 12,9 mln. manat və ya 22,09% çox vəsait xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR