Prezident Kitabxanasında “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinin yenilənmiş versiyasına baxış keçirilib

Prezident Kitabxanasında “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinin yenilənmiş versiyasına baxış keçirilib
# 18 yanvar 2016 14:23 (UTC +04:00)

Bakı-APA. Prezident Kitabxanasının əməkdaşları 2010-cu ildə faciənin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan, ingilis və rus dillərində “Təcavüz: Bakı. 20 Yanvar 1990” adlı tammətnli elektron nəşr hazırlayıblar və həmin nəşr mütəmadi olaraq yenilənir.

APA-nın məlumatına görə, bu gün Prezident Kitabxanasında “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinin yenilənmiş versiyasına baxış keçirilib.

Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ayrıca domendə yerləşdirilən həmin elektron resurs ölkəmizdə bu mövzunu kompleks şəkildə əhatə edən yeganə resursdur. İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə keçirilən anma tədbirlərində “http://aggression.preslib.az” elektron nəşrinin materiallarından geniş istifadə edilir. Azərbaycan, ingilis və rus dillərində 20 kitabın elektron versiyası, 180-ə yaxın seçə məqalələrin tam mətni, 700-dən artıq məqalənin və müxtəlif dillərdə 100-ə yaxın kitabın biblioqrafik təsviri elektron nəşrə daxil edilib. Təkcə 2010-2015-ci illərdə “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinə ölkə daxilindən və xarici ölkələrdən 5 mindən artıq istifadəçi müraciət edib. Elektron nəşrin “Rəsmi sənədlər”, “Müraciətlər, bəyanatlar, tədbirlər” və “Elektron resurslar” fəsilləri il ərzində müntəzəm olaraq yenilənib.

Kitabxananın əməkdaşları öz çıxışlarında qanlı yanvar faciəsinin tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb, belə səhifələrin virtual aləmdə təbliğinin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını qeyd ediblər. Tədbirin sonunda tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə vəziyyət rejimində çəkdiyi nadir şəkillər əsasında kitabxana əməkdaşlarının hazırladıqları “Fotoarxiv” nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR