Marneulidə abituriyentlərlə görüş keçirilib

Marneulidə abituriyentlərlə görüş keçirilib
# 11 mart 2016 21:40 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Martın 11-də Marneulidə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin, Gürcüstan daxili işlər nazirliyinin nəzdində fəaliyyət göstərən polis akademiyasının nümayəndələri ilə abituriyentlər və 12-ci sinif şagirdləri ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə polis akademiyasının rəsmisi Mamuka Koiava, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin nümayəndəsi Zaur Darğallı, Gürcüstan Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndəsi Maya Qabuniya çıxış edərək 2010-cu ildən Gürcüstanda həyata keçirilən 4+1 proqramı ilə 12-ci sinif məzunlarının qəbuluna hazırlıq aparıldığını bildiriblər. Çıxışçıların sözünə görə, 4+1 proqramı ilə müxtəlif universitetlərə, həm də polis akademiyasına qəbul olmaq olar.

Məlumata görə, imtahanlar milli azlıqların doğma dilində həyata keçiriləcək və bir il dövlət dilini öyrəndikdən sonra abituriyentlər seçdikləri ixtisaslar üzrə ali məktəblərə qəbul olacaqlar.

Tədbirdə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin və polis akademiyasının nümayəndələri abituriyentləri və 12-ci sinif şagirdlərini təhsil sahəsindəki yeniliklərlə tanış edərək, onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə Marneulidə fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərin şagirdləri, müəllimlər və abituriyentlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR