Təhsil naziri Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng”də iştirak edib - FOTO

Təhsil naziri Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng”də iştirak edib - <span style="color: red;">FOTO
# 14 iyun 2016 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.

M. Cabbarov məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. 185 illik tarixə malik olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycanın bir çox elm və maarif xadimlərini, sərkərdələrini yetişdirdiyini bildirən nazir bu məktəbin 150 illik yubileyinin 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində qeyd edildiyini nəzərə çatdırıb. O qeyd edib ki, Şuşanın işğalından sonra Bakı şəhərində fəaliyyət göstərən məktəb üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə müasir maddi-texniki bazası olan 1200 şagird yerlik bina inşa olunub.

Nazir onu da əlavə edib ki, Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir: “Üstün təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin sözün həqiqi mənasında yüksəldilməsi zəruri tələblərdən biridir. Bu isə məktəb rəhbərləri, müəllimlər və valideynlərdən səmərəli əməkdaşlıq tələb edir”.

Gənclərin ixtisas seçiminə diqqətlə yanaşmasının vacibliyinə toxunan təhsil naziri deyib ki, zamanın inkişaf sürətini nəzərə almaqla, çevik qərarvermə, hədəfləri doğru seçmək vərdişlərinə sahib olmaq çox əhəmiyyətlidir: “Əsas çağırış budur ki, indi mükəmməl təhsil əvvəlki dövrlərdən daha çox lazımdır”. Təhsil naziri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və onlarda vətəndaşlıq anlayışının formalaşdırılmasının vacib məsələlərdən biri olduğunu da vurğulayıb.

Tədbirdə çıxış edən B. Səfərov və millət vəkili Bəxtiyar Sadıqov məzunlara xoş arzularını çatdırıblar. Sonra məzunlar adından Şuşanın incisi hesab edilən Cıdır Düzünün əks olunduğu rəsm əsəri M. Cabbarova təqdim olunub. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib. Sonra qonaqlar məktəblə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR