Binəqədidə yaşayış binasında yanğınla bağlı təqsirləndirilən şəxslərdən ikisinin məhkəmədə səhhəti pisləşib - YENİLƏNİB

Binəqədidə yaşayış binasında yanğınla bağlı təqsirləndirilən şəxslərdən ikisinin məhkəmədə səhhəti pisləşib - <span style="color: red;">YENİLƏNİB
# 04 oktyabr 2016 14:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov prokurorun şirkət barədə verdiyi sualları cavablandırıb. O deyib ki, rəhbəri olduğu şirkət 2006-cı ildə təsis edilib: "Hüseynbala Əlizadə də "Global Constuction" MMC-nin təsisçilərindən biri olub. Biz təsisçi olaraq hər ikimiz təyin etdiyimiz baş direktorlar vasitəsilə şirkətin işi ilə tanış olurduq. Şirkətə Vüqar Əliyevi baş direktor təyin etdik. Sonra baş direktor vəzifə təlimatına uyğun olaraq özünə müavinlər təyin etdi. Çalışdıq ki, şirkətdə bütün işimizi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirək. 9 ildə heç bir hadisə baş vermədən öz işimiz gördük. Ancaq Hüseynbala Əlizadə ilə maliyyə səhvlərinə görə aramızda narazılıq yarandı. Binəqədidə baş verən yanğından 1 həftə əvvəl Hüseynbala Əlizadə şirkət təsisçiliyindən uzaqlaşdı".

M. Mahmudov qeyd edib ki, istehsal olunan materialların tərkibinə hansısa kimyəvi qatqı əlavə etmək qeyri-mümkündür.

Dövlət ittihamçısı M. Mahmudova ibtidai istintaqa ifadə verərkən hər hansı təzyiqlə üzləşib-üzləşmədiyini soruşub. M. Mahmudov da cavabında ona psixoloji, mənəvi təzyiq olduğunu vurğulayıb: "Məni vəkillə təmin etmədilər. Həyəcanlı vəziyyətdə ifadə verməyə məcbur etdilər. Baş verən hadisənin təsirindən çıxmağa heç müddət də vermədilər".

Sonra M. Mahmudov vəkillərin suallarını cavablandırıb.

M. Mahmudov deyib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla münasibətləri normal olub: "Xaləddin İsgəndərov məndən soruşdu ki, bina üzləməyə materialınız var? Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi qeyd etdim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi”.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.

***

14:38

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qəzənfər Novruzov barəsində təyin edilən ekspertizanın rəyi açıqlanıb.

Hakim bildirib ki, Q.Novrozuv səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatit xəstəlikləri mövcuddur, bu xəstəliklər ağır kliniki gedişə malik olduğu üçün xəstənin müalicəyə ehtiyacı var: "Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

Dövlət ittihamçısı Fərid Nağıyev isə bildirib ki, Q.Novruzovun səhhətindəki problemlər onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil və buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur.

Sonra vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlıqların təmin edilməsi üçün vəsatət veriblər.

Videoçəkiliş aparılması barədə vəsatət təmin edilməyib. Digər vəsatət isə qəbul olunub.

Sonra təqsirləndirilən, Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov ifadə verərək bildirib ki, binanın yandırılması sifarişlidir və bunun üçün uzun müddət öncədən plan qurulub:

"Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Bununla bağlı cinayət işi də başlanıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm? Mən həyatımı mübarizəyə həsr etmək istəmirəm, yaşamaq istəyirəm. MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri ilə münasibətimiz pis olduğundan o, şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi. MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq qabağıma 3 kağız qoyub imzalatdırdı".

Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün məhkəməyə təcili tibbi yardım çağırılıb.

Sonra Q. Novruzovun səhhəti yenidən pisləşib. Buna görə də məhkəmədə fasilə elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR