AMEA: Testlərin hansı üsulla qiymətləndiriləcəyi Ali Attestasiya Komissiyasının cavabından sonra bilinəcək

AMEA: Testlərin hansı üsulla qiymətləndiriləcəyi Ali Attestasiya Komissiyasının cavabından sonra bilinəcək
# 16 oktyabr 2015 15:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Rəyasət Heyətində doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılmış Ekspert Komissiyasının ilk iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov bildirib ki, akademiya prezidentinin sərəncamına əsasən doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test sualları AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilib: “Test sualları elmi bölmələrdə müzakirə olunub və bölmə bürosunun müvafiq qərarı ilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilib”.

Ə. Sadıqov əlavə edib ki, AMEA prezidentinin sərəncamına görə, Ekspert Komissiyası tərəfindən müvafiq institutların tərtib etdiyi test suallarının tədris proqramlarını tam əhatə etməsi, elmi-metodiki tələblərə cavab verməsi, dürüstlüyü, bütövlükdə test standartlarına uyğunluğu bir həftə müddətində müəyyənləşdirilməli və müvafiq rəy hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməlidir. “Test suallarının təhlili zamanı mübahisə doğuran suallar geniş müzakirə olunmalı və komissiya öz tövsiyələrini hazırlamalıdır” - deyə bildirən Ə. Sadıqov test tapşırıqlarının hansı üsulla qiymətləndiriləcəyi məsələsinə də toxunub: “Yalnız Ali Attestasiya Komissiyasının cavabından sonra son qərarın veriləcək”.

Ə. Sadıqovun sözlərinə görə, doktoranturaya qəbul oktyabrın 15-dən başlanılıb, sənəd verənlərin sayının isə noyabr ayının 5-də açıqlanacağı gözlənilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov testlərin hazırlanması ilə bağlı instituta həvalə edilən işlərdən söz açıb.

Tədbirdə test üsulu ilə keçiriləcək imtahanların müddəti, testlərin sayı, sadə və ya mürəkkəblik dərəcəsi kimi məsələlərlə bağlı müzakirələr aparılıb, imtahanların müddəti müvəqqəti olaraq 2 saat kimi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR