Bakıda maliyyələşmə sahəsində islahatlar yolu ilə kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi müzakirə olunur

Bakıda maliyyələşmə sahəsində islahatlar yolu ilə kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi müzakirə olunur
# 04 fevral 2016 12:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası yerli valyutaların son devalvasiya fonunda sahibkarların, xüsusilə də kiçik müəssisələrin sabit qalmaları, inkişaf etməkdə və yeni iş yerləri yaratmaqda davam etmələri üçün onların maliyyə resurslarına çıxış imkanlarının artırılması və Azərbaycan maliyyə infrastrukturunun təkmilləşdirilməsi məqsədlərinə xidmət edən məsləhət xidmətləri layihəsinin üçüncü mərhələsini başlayır.

"APA-Economics" xəbər verir ki, bununla bağlı "Kredit məlumatlarının mübadiləsi və daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlar yolu ilə kiçik və orta sahibkarlığın inkişafına dəstək" adlı konfrans keçirilir.

Dünya Bankı qrupu tərəfindən icra edilən Azərbaycan-Mərkəzi Asiya Maliyyə Bazarları İnfrastrukturu Layihəsi (3-cü mərhələ) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir. Növbəti 3 il ərzində layihə Azərbaycanda kreditlərin qaytarılması vəziyyətinin yaxşılaşdırılmasına və kredit portfelinin artmasına xidmət edəcək səmərəli kredit məlumatlarının mübadiləsi sisteminə əsaslanan özəl kredit bürosunun yaradılmasına kömək edəcək. Əmək miqrasiyasının artan tələbatı nəzərə alaraq, layihə regionlarda inkişafda olan iqtisadiyyat sahələri arasında kredit məlumatlarının mübadiləsinə də töhfə verəcək.

Bundan əlavə, layihə kiçik müəssisələrə istehsalat avadanlığı, kəndə təsərrüfatı məhsulları və debitor borcları girov qoymaqla maliyyə institutlarından kreditlə əldə edilməsi məqsədilə Azərbaycanda daşınar əmlaka əsaslanan maliyyələşməni dəstəkləməkdə davam edəcək.

"Maliyyə resurslarına çıxış özəl sektorun inkişafı üçün əməl şərtlərdən biridir. Son hadisələr biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş ümumi islahatlarla yanaşı, risklərin azaldılmasını və maliyyə sektorunun möhkəmləndirilməsini dəstəkləyən islahatların davam etdirilməsinin əhəmiyyətini bir daha vurğulayır", - deyə İFC-nin Azərbaycan üzrə ölkə nümayəndəsi Aliyə Əzimova bildirib.

A. Əzimova qeyd edib ki, səmərəli kredit məlumatları mübadiləsi sisteminin yaradılması və daşınar əmlakdan istifadəni genişləndirməklə Azərbaycanda özəl sektorun inkişafı üçün yeni imkanların yaranmasına çalışılır.

Layihənin ilk iki mərhələsi zamanı (2009-2015-ci illərdə) Azərbaycanın aparıcı maliyyə təşkilatları ilə birlikdə özəl kredit bürosunun yaradılması üçün hazırlıq işləri görülüb. Layihə kredit məlumatlarının mübadiləsi sisteminin islahatı və daşınar əmlaka əsaslanan maliyyələşmə ilə bağlı qanunvericilik layihələrinin hazırlanmasında Azərbaycan hökuməti ilə əməkdaşlıq edib. Hər iki qanunvericilik layihəsi parlamentə təqdim edilməmişdən əvvəl cari tarixdə hökumət tərəfindən nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR