Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları təsdiq edilib

Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları təsdiq edilib
# 16 oktyabr 2015 14:34 (UTC +04:00)

Bakı - APA. Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar ədliyyə orqanlarında, habelə Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə olunmasının təmin edilməsi üçün Ədliyyə Nazirliyinin daxili icraat qaydalarını tənzimləyir.

Bu Qaydalar dövlət sirri təşkil edən məlumatlara, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanuna uyğun olaraq təklif, ərizə və şikayətlərə və Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərə, “Milli arxiv fondu haqqında” qanuna uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə, beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə şamil edilmir. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Nazirlik informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə informasiya azadlığı üzrə məsul şəxs təyin edir və informasiya xidmətinin göstərilməsinə onun vasitəsilə nəzarət edir. Nazirliyin hər bir struktur qurumunun rəhbəri informasiya sorğusunun cavablandırılmasına görə məsuldur.

İnformasiya azadlığı üzrə məsul şəxsin vəzifələrinə sorğu edilən informasiyaya malik olduqda informasiyanı aidiyyəti struktur qurumun rəhbəri ilə razılaşdırmaqla, ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq sorğuçuya göndərmək, informasiya xidmətlərinin göstərilməsinə nəzarət etmək, informasiya sorğusunun əldə edilməsi ilə bağlı daxil olan şikayətlərin aidiyyəti struktur qurum tərəfindən 5 (beş) iş günü müddətində araşdırılmasını təşkil etmək və sorğuçuya yazılı cavabın göndərilməsini təmin etmək, yazılı informasiya sorğularının qeydiyyatının, şifahi sorğuların isə uçotunun aparılmasını təmin etmək, nazirliyin rəsmi internet səhifəsi və digər internet informasiya ehtiyatlarının zəruri informasiya ilə təmin edilməsini təşkil etmək, nazirliyin fəaliyyəti barədə informasiyanın açıqlanması ilə bağlı tədbirlər həyata keçirmək, ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin (mətbuat konfransları, ictimai təqdimatlar və brifinqlərin) keçirilməsini təşkil etmək, sənədlərin reyestrinin yaradılmasını, saxlanılmasını və yeniləşdirilməsini təmin etmək daxildir. İnformasiya azadlığı üzrə məsul şəxs informasiya sorğularının icrası vəziyyəti barədə hər 6 aydan bir təhlillər aparır və nazirliyin rəhbərliyinə məlumat verir. Təhlillərdə informasiya sorğularının sayı, qismən və ya tam şəkildə icrası təmin olunan, imtina edilən sorğuların sayı, daha çox sorğuların daxil olduğu sahələr və məsələlər, sorğunun cavablandırılmasında struktur qurumlar və vəzifəli şəxslər tərəfindən ləngimələrə yol verilib-verilməməsi və digər hallar göstərilir.

Sorğuçu informasiya sorğusunu nazirliyin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya nazirliyə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı təqdim edə bilər. Yazılı sorğunun icrası sorğuçu tərəfindən zamanı sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma, sənədin üzünün köçürülməsi, nazirliyin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi, sənədin surətinin elektron daşıyıcılara köçürülməsi, sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması tələb edə bilər. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Elektron üsullarla göndərilən sorğular yazılı sorğulara qoyulan tələblərə cavab verməlidir. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə nazirliyin məsul vəzifəli şəxslərinə bilavasitə verilir və şifahi şəkildə cavablandırılır. Sorğunu qəbul etməkdən imtina qadağandır.

Nazirlik sorğuda tələb olunan informasiyanın təqdim edilməsini müxtəlif üsullarla icra edir. Bura elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə, sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə, telefaksla, şifahi formada, informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə, informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullar daxildir. İnformasiya sorğusu yalnız vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə, informasiya sorğusu üzrə məlumatlar soruşulduqda, nazirlikdə sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə şifahi cavablandırılır. Nazirlik informasiya sorğusunun icrasından sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə, nazirlik sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə imtina edir. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə nazirliyin rəhbərliyinə, məhkəməyə və ya İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) şikayət etmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR