Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 17 mart 2016 11:57 (UTC +04:00)



Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

APA-nın məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, müsabiqə 2016-cı il yanvarın 28-dən martın 4-dək, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq, 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub.


Novruz bayramı münasibəti ilə jurnalistləri təbrik edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında jurnalistlərə uğurlar arzulayıb: “Mövcud vəziyyətdə bəzi problemlər mediamıza, jurnalistlərimizə də təsir göstərir. Ancaq bilin ki, hər şey Azərbaycan prezidentinin, hakimiyyətinin nəzarətindədir, media diqqətdən kənarda qalmayacaq. İnsan həyatının xoşbəxtliyi ayrı-ayrı xoş məqamların cəmləşməsidir. Hər bir insan problemlərinin həllini birinci növbədə dövlətdən gözləyir, dövlət də vətəndaşlarının firavan həyat qurmasına çalışır. Azərbaycan prezidenti İlham Əliyev də bütün çıxışlarında bildirir ki, məqsədimiz hər bir vətəndaşa layiqli həyat təmin etməyə nail olmaqdır. Jurnalistlərə qayğı ənənəsinin əsasını Heydər Əliyev qoyub”.



Ə. Həsənov sonda qalib jurnalistləri təbrik edib. Daha sonra qalib jurnalistlərə diplomlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR