Avropa Liqası: “Qarabağ” – “Slovan” - 2:2

<span style="color: red;">Avropa Liqası:  “Qarabağ” – “Slovan”  - 2:2
# 15 sentyabr 2016 19:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qarabağ” da ilk oyununa çıxıb.

Ardıcıl üçüncü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, daha aşağı səviyyəli turnirdə mübarizə edən Ağdam klubu Çexiya təmsilçisi “Slovan”ı qəbul edir.

Görüş qonaqların qolu ilə başlayıb. Matçın hələ 10-cu saniyəsində Yan Sikora hesabı açıb. Şokdan tez ayılan çempionumuza bərabərlik üçün 6 dəqiqə lazım olub.

İlk qolda kobud səhvə yol verən Miçel səhvini düzəldib. Künc zərbəsindən Daninin ötürməsini başla qapıya yönəldən ispaniyalı status-kvonu bərpa edib.

Bərabərlik qolundan sonra təşəbbüsü tamamilə ələ alan Qurban Qurbanovun yetirmələri dəfələrlə önə keçmək şansı yaxalayıblar. Ancaq xüsusilə də, Reynaldonun ləng və məsuliyyətsiz oyunu hesabın dəyişməsini əngəlləyib.

Bir epizodda künc zərbəsindən gələn ötürməyə birbaşa zərbə endirən Rəşad Sadıqov möhtəşəm qola imza ata bilərdi, ancaq rəqib qapıçı kapitanın bu arzusunun reallaşmasına mane olub.

İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə birincinin sonları kimi başlayıb. Aramsız hücumlar edən "Qarabağ" ön xətt oyunçularının səriştəsizliyi ucbatından məntiqi sonluğu gətirə bilməyib. Oyunçularımızın bu məsuliyyətsizliyi isə futblun yazılmamış qanunu olan "Vurmasan, vurarlar" prinsipini işə salıb. 67-ci dəqiqədə veteran Milan Baroş qonaqları hesabda irəli çıxarıb.

Bundan sonra yenidən tam qüvvə ilə irəli atılan təmsilçimiz bir də oyuna əlavə olunmuş sonuncu - 4-cü dəqiqədə qola sevinib. Komandanın kapitanı Rəşad Sadıqov "gəmisi"nin xilasedcisi olub.

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

“Qarabağ” – “Slovan” (Çexiya) - 2:2

Qollar: Miçel, 7, Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1, Baroş, 68

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel

Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)

Hakim-İnspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

"Dalğa Arena"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR