Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
# 23 oktyabr 2015 11:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Məhkəmə-Hüquq Şurasının (MHŞ) hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib.


MHŞ-dan APA-ya verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, xüsusən də əhalinin məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması, bu məqsədlə yeni məhkəmələrin yaradılması barəsində danışıb.


İclasda həmçinin, hakimlərin seçilməsində şəffaf və mükəmməl qaydaların tətbiq olunması, çoxmərhələli seçim prosesi nəticəsində son illər ərzində 2600 namizəd sırasından 307 nəfər hüquqşünasın hakim vəzifəsinə təyin edilməsi qeyd olunaraq, bildirilib ki, bu sahədə Azərbaycan təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə edilib.

Şuranın iclasında 2010-cu ildə yeni qaydalarla seçilmiş 50-dək hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ətraflı təhlillər aparılıb, onların hər birinin fəaliyyəti yerində öyrənilib, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar prinsipial müzakirə olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlara toxunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə vəzifələri qeyd edib.

Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən açıq müzakirələr zamanı vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar nəzərə çatdırılıb, ədalətli və qərəzsiz olmağın, etik davranış kodeksinin tələblərinə dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir hakimin ən ümdə vəzifəsi olması vurğulanıb, onların hakim vəzifəsinə yararlılığına dair müvafiq təkliflər hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR