Marneulidə Regional İnkişaf Fondunun açılışı olub

Marneulidə Regional İnkişaf Fondunun açılışı olub
# 26 mart 2016 18:51 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Gürcüstan Regional İnkişaf Fondunun ofisinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Fondun açılışında Gürcüstan İnkişaf Fondunun sədri Paata Burçuladze, azərbaycanlı iş adamı İsrafil Bayramov, QHT rəhbərləri, azərbaycanlı və gürcü iş adamları iştirak ediblər. Açılış mərasimində dəyirmi masa ətrafında çıxış edən Paata Burçuladze Marneulidə və digər bölgələrdə yaşayan azərbaycanlıların sosial həyat tərzi ilə, onlara ölkədə baş verən hadisələr haqqında informasiyanın necə çatdırıldığı barədə məlumatla tanış olub. P. Burçuladze mənbəyini Ermənistandan alan Debed çayının ekoloji təmizliyi və suvarma su çatışmazlığı ilə də maraqlanıb.

Gürcüstan Regional İnkişaf Fondunun (GRİF) Kvemo Kartli üzrə ofisinin rəhbəri seçilən iş adamı İsrafil Bayramov jurnalistlərə açıqlamasında fondun Marneuli, Bolnisi, Dmanisi və Qardabani istiqamətdə çalışacağını və əhalini narahat edən aktual problemlərin həllini həyata keçirəcəklərini bildirib: "Məqsədimiz mədəniyyətin inkişafına təkan vermək, dövlət dilinin öyrədilməsini ön plana çəkmək, yoxsulluğu aradan qaldırmaq üçün iş yerlərinin açılışını həyata keçirmək, azərbaycanlıların kompakt yaşadığı ərazilərdən keçən Debed çayının sularının yay aylarında əkin sahələrinin suvarılması üçün Ermənistan tərəfdən çoxaldılmasına və çay sularının ekoloji təmizliyinə nail olmaqdır. Biz ölkədə baş verən dəyişikliklər barədə azərbaycanlıların informasiya qıtlığını da aradan qaldırmaq üçün müvafiq planlar həyata keçirəcəyik".

Ofisdə təşkil edilən görüşdən sonra GRİF-nin fəalları Marneuli Mədəniyyət Evində gürcü və azərbaycanlılarla görüşüblər. Tədbirdə əhalini narahat edən problemlər dinlənilib, fondun perspektiv planları barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR