İslam Əməkdaşlıq Təşkilatı Gənclik Zirvəsi Azərbaycana dəstək verib

İslam Əməkdaşlıq Təşkilatı Gənclik Zirvəsi Azərbaycana dəstək verib
# 14 aprel 2016 08:16 (UTC +04:00)

Bakı – APA. Bu gün İstanbulda başlayacaq İslam Əməkdaşlıq Təşkilatı dövlət başçılarının zirvə toplantısı öncəsi İƏT tarixində ilk dəfə olaraq İslam Konfransı Gənclər Forumu (İKGF) tərəfindən İƏT Gənclik Zirvəsi təşkil edilib.

İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, İƏT üzv ölkələri dövlət başçıları sammitinin tərkib hissəsi olan, İƏT və Türkiyə hökuməti ilə birgə 11-13 tarixlərində İstanbulda keçirilən İƏT Gənclik Zirvəsinin bağlanış mərasimində Azərbaycana dəstək ifadə olunub.

Rəsmi bağlanış mərasimində çıxış edən İKGF sədri Elşad İskəndərov bildirib ki, gənclik zirvə toplantısında 57 İƏT-ə üzv ölkəni və qeyri-müsəlman ölkələrinin aparıcı müsəlman azlıqlarını təmsil edən 200-ə yaxın gənc liderlə yanaşı, 8 ölkənin gənclər və idman nazirləri, 6 beynəlxalq təşkilat rəhbəri və dünyanın bir sıra aparıcı elm və ictimai xadimləri, ekspertlər iştirak edib. İki gün davam edən panel və işçi qrup müzakirələri zamanı gənclik zirvəsi tərəfindən yaxın illərdə İƏT-in gənclik siyasətinin əsas parametlərini özündə əks etdirən “Gənclik Strategiyası” qəbul edilib.

İKGF sədri deyib ki, həmin prinsip və parametrlər İƏT Gənclik Zirvəsinin “10 ildə 10 hədəf - Deklarasiyası və Təklifləri” adlı yekun sənəd şəklində formalaşdırılaraq sabah öz işinə başlayacaq İƏT dövlət başçıları sammitinə təqdim olunacaq. Sənədə sammit tərəfindən münasibət bildirildikdən sonra bu təkliflər cari ilin sonunadək qəbul ediləcək İslam Əməkdaşlıq Təşkilatı gənclik siyasəti strategiyasının əsas prinsiplərini təşkil edəcək.

Qapanış mərasimində çıxış edən İSESCO baş direktoru Əbdüləziz Tüveycri İƏT tarixində ilk dəfə olaraq keçirilən İƏT Gənclik Zirvəsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin yekun sənədində gənclərin inkişafı, təhsili və gənclər arasında işsizliyin aradan qaldırılması kimi mühüm problemlərin konkret və yaradıcı həlli təkliflərinin yer aldığını söyləyib.

BMT Sivilizasiyalar Alyansının ali təmsilçisi Naser əl Naser İKGF-ni bu zirvə toplantısının keçirilməsi ilə bağlı təbrik edərək, yekun sənədin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişafı və islamofobiya ilə mübarizədə İƏT arealı gənclərinin səfərbər olunması üçün önəmli platforma rolunu oynayacağını vurğulayıb.

Bunlardan əlavə, tədbir zamanı İƏT üzv ölkələrini və beynəlxalq təşkilatları təmsil edən 200-dən artıq gənc lider tərəfindən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı atdığı addımlar və haqq mövqeyinə xüsusi dəstək də nümayiş etdirilib. Belə ki, müzakirələr zamanı Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi sahəsində və işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəklənib, sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış “Xocalıya Ədalət” kampaniyasına da dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul olunub. Bu məqsədlə zirvə toplantısının 200-dən artıq gənc iştirakçısı əllərində Azərbaycan bayrağı ilə çəkdirdikləri şəkillərlə #SupportAzerbaijan haştaqlı sosial şəbəkə kampaniyasına start veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR