Tiflisdə "İşğal olunmuş ərazilərdə mədəni irs" mövzusunda elmi konfrans keçirilib

Tiflisdə "İşğal olunmuş ərazilərdə mədəni irs" mövzusunda elmi konfrans keçirilib
# 22 dekabr 2015 13:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Abxaziya Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "İşğal olunmuş ərazilərdə mədəni irs" mövzusunda elmi konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Abxaziya mədəniyyət nazirinin müavini Beso Odişariya açıb.

Sonra Gürcüstanın Milli İrs Agentliyinin əməkdaşları Ketevan Davitaya, Asmat Okropiridze, Tamar Xundadze çıxış edərək Abxaziyada qalan mədəniyyət abidələrinin dağıdıldığını və bu abidələrin bərpa edilməsinə imkan verilmədiyini, 1545 eksponatın Kutaisi və Batumi muzeylərinə yerləşdirildiyini, 62 tarixi eksponatın isə Suxumidə qaldığını bildiriblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva təqdimatla çıxış edib. O, Abxaziyada olduğu kimi Azərbaycanda da mədəniyyət və tarixi abidələrin işğal altda olan torpaqlarda məhv edildiyini, quruluşunun dəyişdirildiyini bildirib.

S. Ağayeva qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 230 min azərbaycanlı Ermənistandan qovulub, Azərbaycan ərazisinin 20 faizi işğal olunub. O, işğal olunan torpaqlarda 1891 tarixi mədəni irsin qaldığını, dini abidələrin dağıdıldığını, tarixi abidələrin erməniləşdirildiyini və saxtalaşdırıldığını bildirib. S. Ağayeva Qarabağ münaqişəsi ilə bağlı BMT-də 4 qətnamənin qəbul etdiyini, lakin hələ də işğal olunan Azərbaycan torpaqlarının qaytarılmadığını qeyd edib.

Tədbirdə Tiflis Dövlət Texniki Universitetin professoru Emilya Alaverdova, Gürcüstanın Milli İrs Agentliyin şöbə müdiri Məryam Didebulidze, bərpaçı rəssam Murtaz Urudia, Suxumi Universitetinin professorları Revaz Xvistani, Maya Kipiani, Tiflis Texniki Universitetinin tələbəsi Naqim Əbdürrəhmanov və başqaları çıxış ediblər. Onlar Abxaziya və Dağlıq Qarabağdakı mədəni irsin məhv edildiyini bildiriblər.

Sonra tədbir diskussiya şəklində davam edib.

Konfransda Abxaziyadan qaçqın olan və hazırda Tiflisdə fəaliyyət göstərən gürcü rəssamlarının əsərləri nümayiş olunub.

Abxaziya Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Valeri Arkania adına ART qalereyasının direktoru, rəssam David Badzaqua APA-ya açıqlamasında Abxaziyada qalan tarixi abidələrin, gürcü mədəni irs nümunələrinin ermənilər tərəfindən erməniləşdirildiyini bildirib: "Abxaziyada tarixi abidələrimiz qalıb. VI, IX, XII əsrlərə aid abidələrimizin əksəriyyətini dəyişdiriblər. Vaxtilə bir yerdə yaşayıb dostluq etdiyimiz ermənilər Abxaziyada abidələrimizi öz adlarına çıxırlar, onları bərpa etməyə imkan vermirlər. ABŞ-dan bir rejissor gəlib gürcü abidələrini çəkmək istəyib, lakin ona imkan verməyiblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR