Naxçıvanda dövlət qulluqçuları illik fəaliyyətlərinin qiymətləndirilməsi əsasında yuxarı və aşağı vəzifələrə keçiriləcək

Naxçıvanda dövlət qulluqçuları illik fəaliyyətlərinin qiymətləndirilməsi əsasında yuxarı və aşağı vəzifələrə keçiriləcək
# 11 fevral 2016 12:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları illik fəaliyyətlərinin qiymətləndirilməsi əsasında yuxarı və aşağı vəzifələrə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbəri tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabat mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədi ilə rəhbər tərəfindən hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar (hədəflər) qoyulur. Tapşırıqların sayı 2-6 arası olur. Dövlət qulluqçusunun xidmət fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti meyarlar üzrə qiymətləndirilərkən ona “əla”, “yaxşı”, “kafi”(qənaətbəxşdir, bacarığı əsasən nümayiş etdirib, vəzifəsini əsasən icra edib, inkişafa ehtiyacı var), “qeyri-kafi” (qənaətbəxş deyildir, bacarığı nadir hallarda nümayiş etdirib və ya nümayiş etdirməyib, vəzifəsini qismən icra edib və ya icra etməyib) qiymətləri verilir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə müzakirə formasında, qiymətləndirilən dövlət qulluqçusunun fikrinə hörmət və qarşılıqlı anlaşma şəraitində aparılır.

Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusu barəsində aşağıdakı tədbirlərdən biri görülür:

- qiymət 5 və 4.6 qiymətləri arasında olduqda (əla) - dövlət qulluqçusu bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə və müvafiq vakant vəzifə mövcud olarsa, onun yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi, bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi;

- qiymət 4.5 və 3.6 qiymətləri arasında olduqda (yaxşı) - dövlət qulluqçusu bu qiymətlə dörd il ardıcıl olaraq qiymətləndirilərsə və müvafiq vakant vəzifə mövcud olarsa, onun yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi, bu qiymətlə üç il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, dövlət qulluqçunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;

- qiymət 3.5 və 2.6 qiymətləri arasında olduqda (kafi) - dövlət qulluqçusunun iş fəaliyyətinin yaxşılaşdırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;

- qiymət 2.5 və daha aşağı olduqda (qeyri-kafi) - bu qiymət növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, dövlət qulluqçusunun həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan digər vəzifəyə keçirilməsi və bu qiymət yenidən növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, onun aşağı inzibati vəzifəyə keçirilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR