Qüdrət Həsənquliyev NATO PA məruzəçisinin Rusiya və Avroatlantik təhlükəsizliyə dair hesabatına etiraz edib

Qüdrət Həsənquliyev NATO PA məruzəçisinin Rusiya və Avroatlantik təhlükəsizliyə dair hesabatına etiraz edib
# 10 oktyabr 2015 15:34 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Məclisinin NATO Parlament Assabmleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev assambleyada çıxışı zamanı PA Siyasi Komitəsinin baş məruzəçisi Ojars Kalninsin (Ojars Kalnins) Rusiya və Avroatlantik təhlükəsizliyə dair hesabat layihəsini şərh edib.

APA-nın xəbərinə görə, Q. Həsənquliyev bildirib ki, sənədin 33 bəndinə əsasən, Rusiya həll olunmamış Dağlıq Qarabağ münaqişəsini regionda öz təsirini artırmaq məqsədilə istifadə etməkdə davam edir: "Görünür rəsmi Moskva mövcud status-kvonun saxlanılmasına üstünlük verir və münaqişənin həllinə bir o qədər də maraq göstərmir".

"Hesabat layihəsinin 34 bəndində bildirilir ki, Ermənistan həmçinin çoxvektorlu siyasətini davam etdirir və bütün müvafiq regional və beynəlxalq oyunçular arasında daha sıx əməkdaşlığın Cənubi Qafqazda sabitlik üçün əsas şərt olduğunu anlayır".

Q. Həsənquliyev bildirib ki, hesabatda regionda kimlərin Rusiyanın siyasətinə xidmət etdiyi qeyd olunmayıb.

"Ermənistan Rusiyanın Ukrayna ərazisinin işğalı zamanı istifadə etdiyi "kiçik yaşıl adamlar" strategiyasından artıq Dağlıq Qarabağda istifadə edib. Bugünkü Ermənistan siyasi elitasının əksəriyyəti Rusiyanın işğal olunmuş ərazilərdə müharibə aparan və dinc əhaliyə qarşı cinayətlər törədən kiçik yaşıl adamlarıdır. Bu gün Ermənistan liderləri Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı və 1 milyon azərbaycanlıya qarşı apardıqları etnik təmizləmə siyasətini özlərinin qəhrəmanlığı kimi qələmə verirlər. Erməni siyasətçiləri, o cümlədən Rusiya tərəfindən idarə olunan prezident utanmadan beynəlxalq hüquqa məhəl qoymayaraq Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edirlər. Hesabatda qeyd olunduğu kimi, Ermənistan Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti ilə bağlı sadəcə səssiz qalmadı, həm də bu işğalçılıq siyasətini dəstəkləyərək Şimali Koreya və Venesuela da daxil olmaqla dünyanın 11 dövləti ilə birlikdə BMT Baş Assambleyasının “Ukraynanın ərazi bütövlüyü” adlı 2014-cü il 27 mart tarixli qətnaməsini dəstəkləmədi. Azərbaycan torpaqlarını işğal etməsinə və Rusiyanın işğalçı siyasətinə xidmət etməsinə baxmayaraq, Ermənistan heç bir beynəlxalq sanksiyaya və ya cəzaya məruz qalmayıb", - deyə Q. Həsənquliyev qeyd edib.

O hesab edir ki, məruzəçinin mono-etnik Ermənistanının işğalçılıq siyasətinə düzgün siyasi qiymət verə bilməməyinin əsas səbəbi qərbdə artmaqda olan islamofobiya, Avropa və ABŞ-dakı güclü erməni diasporu və lobbisi, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasıdır.

Qeyd edək ki, Q. Həsənquliyevin çıxışından sonra Türkiyənin NATO PA-dakı təmsilçiləri çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bu işğala son verilməsinin vacibliyini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR