Səlim Müslümov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

 Səlim Müslümov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb
# 14 sentyabr 2016 12:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir Səlim Müslümov Azərbaycanda sosial rifah halının yüksəldilməsini, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluğun kəskin şəkildə azalmasını ifadə edən göstəriciləri açıqlayıb, əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb.

Nazir ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, fəaliyyət sahələrində şəffaflıq prinsipinin və səmərəli iş üsullarının tətbiqi məqsədilə müvafiq işlərin aparıldığını bildirib. Nazirliyin fəaliyyətində aidiyyəti xidmətlər sistemində məmur-vətəndaş təmaslarının minimallaşdırılması və şəffaflığın artırılması üçün elektron texnologiyalardan istifadənin genişləndirildiyini önə çəkən nazir ümumilikdə hazırda nazirliyin əhali üçün aktual olan bütün iş sahələrində 29 elektron xidmətin vətəndaşların istifadəsində olduğunu diqqətə çatdırıb. Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 4 061 039 dəfə istifadə olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsindəki mövcud əlaqələrə toxunan nazir Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi və digər qurumları ilə zəngin əməkdaşlıq təcrübəsi olduğunu vurğulayıb. Əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya, əməyin mühafizəsi ilə bağlı ölkədə cari vəziyyətin təhlili, ehtiyacların öyrənilməsi və əmək müfəttişləri üçün xüsusi təlim proqramlarının hazırlanması, sosial xidmətin təşkili, sosial xidmət sahəsində, məşğulluq orqanları nəzdində peşə fəaliyyəti və ixtisasartırma, işsizliyə görə məcburi sığortalanma məsələləri və digər sahələrdə Almaniya ilə əməkdaşlığın səmərəli olduğu vurğulanıb.

M.Kindsqrab ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində əhaliyə göstərilən xidmətlərin onda böyük maraq doğurduğunu qeyd edən səfir ölkəsi ilə Azərbaycan arasında əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səy göstərəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR