Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası başa çatıb

Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası başa çatıb
# 15 sentyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Baş Assambleyasının 69-cu sessiyası öz işini başa vurub.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, Assambleyanın sədri Sem Kaxamba Kutesa sessiyanın gündəliyində duran əsas məsələnin 2015-ci ildən sonra inkişaf gündəliyinin müəyyənləşdirilməsi olduğunu bildirib.

“2030-cu ilə qədər inkişaf gündəliyi, sözsüz, sessiyanın ən parlaq səhifələrindən biri oldu və o, yaxın 15 il ərzində bizim inkişaf üzrə fəaliyyətimizdə rəhbər rolunu oynayacaq”, - deyə o vurğulayıb.

Baş Assambleyanın sədri bu sessiya çərçivəsində Assambleya tarixində ilk dəfə tibbi mövzuya – “Ebola” virusuna həsr olunan iclasın keçirildiyini də diqqətə çatdırıb. O, həmçinin, sülh və tolerantlığın dəstəklənməsi üçün dini liderlərin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Sem Kaxamba Kutesa Baş Assamleyanın nümayəndələrinin dünyada terrorizm və ekstremizmin kökünün kəsilməsi məsələlərini müzakirə etdiklərini də diqqətə çatdırıb.

“Bu sessiyanın gedişində dünyanın hər yerində günahsız kişi, qadın və uşaqların ölümünə səbəb olan və ya bəşəriyyət üçün əvəzedilməz ümumi mədəni dəyərə malik incəsənət nümunələrinin məhv edilməsi ilə nəticələnən radikallaşma və ekstremizmi dəfələrlə pisləmişəm”, - deyə o vurğulayıb.

Sem Kaxamba Kutesa BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını alqışladığını, habelə Baş Assambleyanın rolunun gücləndirilməli olduğunu və BMT-nin 70 illiyində islahatların davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, bu gün BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayır. 69-cu sessiya çərçivəsində 105 plenar iclas keçirilib, 327 qətnamə qəbul edilib.

Qeyd edək ki, illik ümumi müzakirələr 28 sentyabrdan 3 oktyabrda kimi davam edəcək. Ənənəyə görə, BMT Baş Assamleyasının tribunasından ilk olaraq Braziliya və ABŞ nümayəndələri çıxış edəcək. Bu il hər iki dövlət prezidentlər səviyyəsində təmsil olunacaq. İllik ümumi müzakirələrin başlanmasından öncə BMT baş katibi BMT üzvlərini təşkilatın illik məruzəsi ilə tanış edəcək, onun ardınca isə BMT Baş Assambleyasının sədri çıxış edəcək.

Ümumi siyasi müzakirələrlə yanaşı, 25-27 sentyabrda Baş Assambleyanın davamlı inkişaf üzrə sammiti də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR