Baş Klinik Hospitalın Qan Bankı: Silahlı Qüvvələrdə qana tələbat tam təmin olunur - REPORTAJ

Baş Klinik Hospitalın Qan Bankı: Silahlı Qüvvələrdə qana tələbat tam təmin olunur - <span style="color: red;">REPORTAJ
# 10 mart 2016 11:37 (UTC +04:00)

“Dövləti qoruyan əsgəri xilas etmək üçün qan verməyə dəyər”

Bakı. Fərid Mirzəyev - APA. “Verəcəyiniz qan bir körpə, bir ana, bir əsgər, bir xəstə üçün həyat deməkdir” – Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi bunu özünə şüar seçib.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev APA-ya bildirib ki, bu gün Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin olunur: “Bu gün hər hansı bir xəstə və yaralıya lazım olan qan və qan komponentləri bizim bölmədə var. Bizim Qan Bankı bölməsində qanın bütün komponentləri yüksək və keyfiyyətli şəkildə hazırlanır”.

2004-cü ildən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsinin rəisi vəzifəsində çalışan Kazım Quliyev 1992-ci ilin fevral ayından Ağdam ətrafında gedən döyüşlərdə könüllü kimi iştirak edib. 1992-ci ilin may ayından həqiqi hərbi xidmətə çağırılıb. İlk olaraq Ağdam ərazi müdafiə batalyonunda, daha sonra isə 708 saylı hərbi hissənin 4-cü batalyonunda tibb xidməti rəisi vəzifəsində xidmət keçib. Aranzəmin, Dəhraz, Naxçıvanik, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə həkim kimi iştirak edib. Müdafiə nazirinin əmri ilə 2004-cü ildə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “10 illik yubiley” medalları, habelə 2007-ci ildə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Onun sözlərinə görə, xəstə və yaralılar üçün lazım olan qan və qan komponentlərinin bütün növlərinin keyfiyyətli şəkildə hazırlanmasına, qan uyğunluğunun müasir üsulla yoxlanılmasına nəzarət olunur. Elə bu səbəbdən də xəstələrə qan və qan komponentləri köçürülən zaman heç bir fəsad qeydə alınmayıb: “Praktikada xəstələrə qan köçürülən zaman ölüm faktının 50-60 faizi xətalarla bağlı olur. Məsələn, qrup səhvi olur, etiketlər düzgün yazılmır, xəstəyə uyğun olmayan qan verilir və s. Bizdə qan köçürmə zamanı demək olar ki, hər hansı bir xəta baş verməyib. Biz insan qanında baş verən hər hansı bir uyğunsuzluğu kənardan test vasitəsilə görmək imkanına malikik”.

Qan bankı bölməsi hospitalda müalicə alan xəstə və yaralıları lazım olan qan və qan komponentləri ilə təmin etmək üçün 24 saat fəaliyyət göstərir. K. Quliyev bildirib ki, xəstələrə lazım olan bütün qan komponentləri bölmədə hazırlanır: “Bu gün hospitalda müalicə olunan xəstə və yaralılara lazım olan qan və qan komponentləri bizim bölmədə hazırlanır. Bölmədə çalışan hər bir işçi komponentlərin ayrılması, onların müayinəsi sahəsində kifayət qədər savada sahibdir. İşçilərimiz yetərincə təcrübəyə malikdir. Bölmədə hazırlanan qan və qan komponentləri xəstə və yaralılara kifayət edir. Hospitalda müalicə olunan xəstə və yaralıların ehtiyacı olan qan və qan komponentləri 24 saat ərzində bizim bölmə tərəfindən təmin olunur. Eyni zamanda, ürək-damar cərrahiyə bölməsində müalicə alan xəstələrin də bütün qan komponentlərini bizim bölmə hazırlayır”.

Tibb xidməti polkovnik-leytenantı qeyd edib ki, qan və qan komponentlərinin keyfiyyətli olması ilk növbədə donor seçimindən asılıdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsində hər bir donor tam şəkildə müayinə olunur. “Qan bağışlayanın Məlumat formu” ilə tanış olan donor oradakı sualları cavablandırdıqdan sonra fiziki müayinələrdən keçir.

Qan qrupu, rezus amili təyin edilir. Hepatit B, hepatit C, QİÇS və sifilis infeksiyalarına görə müayinələr aparılır. Donorların qanı mütəxəssislər tərəfindən pulsuz yoxlanılır. K. Quliyev deyib ki, götürülən qanlar qısa müddət ərzində komponentlərə ayrılır: “Qanlar nömrələnir. Əgər müayinə nəticəsində hər hansı bir pozitiv nəticə alınarsa biz donorlara daşıyıcısı olduğu infeksiyalar haqda məlumat veririk. Arterial təzyiq, bədən temperaturu ölçülür, hemoqlobin təyin edilir və həkim qərarı ilə qan bağışlanır. 8-10 dəqiqə ərzində və tam steril şəraitdə birdəfəlik qan torbalarına 350-400 ml qan alınır. Qanlar müvafiq soyuducularda yerləşdirilir və bölmələrə verilir. Yenə qeyd etmək istəyirəm ki, bizim bölmənin qan ehtiyatı yetərincədir. Biz həm hospitalda müalicə olunanlara, həm də periferiyaya ehtiyac olduqda qan və qan komponentləri göndərmək imkanına malikik”.

Bölmə rəisi əlavə edir ki, yaşı 18-60 arasında olan hər bir sağlam şəxs qan verə bilər. Bölmə rəisi donor sarıdan da şikayətlənmir: “2013-cü ildən etibarən bizim bölməyə çox sayda mülki insanlar qan bağışlamaq üçün müraciət edir. Bundan başqa, müalicə alan xəstə yaxınları da qan verirlər. Bizim qan ehtiyatımız mülki insanların hesabına təmin olunur. Bu gün bizim donor sarıdan sıxıntımız yoxdur. Bizim ehtiyatda yetərincə donorlarımız var ki, istənilən vaxt onlara müraciət edə bilərik”.

K. Quliyev onlar üçün hospitalda yaradılan şəraitdən razılığını da bildirib: “Hazırda bölmə müasir tibbi avadanlıqla təmin olunub. Qanın bütün komponentləri tələbata uyğun hazırlanır. Hospitalın rəhbərliyi daim qayğımıza qalır. Eyni zamanda, xəstə və yaralılara verilən qan və qan komponentləri ən müasir çarpaz uyğunluq, yəni Cross Match üsulu ilə test edilir. 2004-cü ildə bura təyinat alan zaman bölmənin imkanları bugünkü kimi geniş deyildi. 2006-cı ildə biz Silahlı Qüvvələrin Baş Klinik Hospitalının birinci müalicə korpusuna yerləşəndən sonra müasir avadanlıq və cihazlarla təmin olunduq. Məhz bundan sonra biz qanın müəyyən komponentlərini əldə etmək imkanı qazandıq. 2010-cu ildə Silahlı Qüvvələrin Ali Baş Komandanın göstərişi ilə inşa olunan ikinci müalicə korpusunun açılışından sonra imkanlarımız daha da artdı. Bu gün xəstə qanı ilə donor qanının çarpaz uyğunlaşması testi ən müasir üsullarla bizim Qan Bankı bölməsində aparılır”.

Qan Bankı bölməsində xəstə və yaralılara köçürülən qan və qan komponentlərindən şahid nümunələri saxlanılır. Bölmə rəisinin sözlərinə görə, son zamanlar götürülən qan nümunələrində daha çox sifilis, hepatit B və hepatit C aşkarlanır: “Hazırda sifilis, hepatit B və hepatit c infeksiyaları daha çox aşkarlanır. Orta hesabla götürsək qan bağışlayan 100 adamın 10-da bu infeksiyalara rast gəlinir. Bildiyiniz kimi, infeksiyalar ən çox qan vasitəsilə ilə yayılır. Biz bunun qarşısını almaq üçün etibarlı bir xidmət qurmuşuq. Digər tərəfdən çalışırıq ki, hər verilən qandan şahid nümunələri saxlayaq. Azərbaycanda bizdən başqa heç kimi bunu etmir. Əgər 1 il ərzində hər hansı bir xəstədə infeksiya ilə bağlı şübhə yaranarsa, o düşünərsə ki, bizim köçürdüyümüz qandan ona infeksiya keçib, biz o zaman həmin şahid nümunələri müayinə edib, xəstənin həmin qandan infeksiyaya yoluxmadığını isbat edə bilirik”.

Qan verməyin faydaları haqda danışan həkim deyib ki, donorun qan hüceyrələri təzələnir, ürək-damar sistemi, qaraciyər, mədə-bağırsaq fəaliyyəti yaxşılaşır: “Hər bir halda, insan həyatını, Vətəni, dövləti qoruyan əsgəri xilas etmək üçün qan bağışlamağa dəyər. Çünki o əsgər də bizim hamımız üçün layiqli bir dəyərdir”...

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR