“Beynəlxalq terror təhlükəsinin artması və Azərbaycana təhdidlər” mövzusunda dəyirmi masa keçirilib

“Beynəlxalq terror təhlükəsinin artması və Azərbaycana təhdidlər” mövzusunda dəyirmi masa keçirilib
# 03 dekabr 2015 13:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Strateji Düşüncə Mərkəzi “Beynəlxalq terror təhlükəsinin artması və Azərbaycana təhdidlər” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, mərkəzin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib ki, son dövrlər həm beynəlxalq aləmdə, həm də Azərbaycanda gərginlik artır. Onun sözlərinə görə, terror hadisələrin insanlığa vurduğu zərbə böyükdür və dünyadakı proseslər Azərbaycana da təsir edir.

O qeyd edib ki, Nardaran hadisələrində qanunu pozanlar cəzalandırılmalı, lakin dövlət gücdən istifadə etməməlidir.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov çıxışında terrorun günahsız insanlara və bəşəriyyətə qarşı yönəldiyini qeyd edib. Onun sözlərinə görə, terrorun islam dini ilə əlaqələndirilməsi yanlışdır: "Əsasən gənclər terrorda alətə çevrilir ki, bunun da səbəbi siyasi və dini savadsızlıqdır. Ona görə də təsadüfi deyil ki, terror hadisələrinin böyük əksəriyyəti müsəlman ölkələrində yaşanır. Ancaq hesab edirəm ki, terroru milli və dini sektorlara ayırmaq lazım deyil. Çünki terror ümumilikdə insanlığa qarşı cinayətdir. Bu gün islam dininin üzərindən terror ləkəsini götürmək üçün, dini maarifləndirmə işləri aparılmalıdır".

Müsavat Partiyasının başqanı Arif Hacılı isə qeyd edib ki, hazırda dünyadakı proseslərin Azərbaycana müsbət və ya mənfi şəkildə təsir göstərəcək. O, Rusiya-Türkiyə münasibətlərinə də toxunaraq, Azərbaycan hakimiyyətini bu məsələdə Türkiyəni dəstəkləməyə çağırıb.

Tədbirin digər iştirakçıları da çıxışlarında terrora qarşı mübarizə yollarından danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR