XİN: Erməni mənşəli yüzlərlə suriyalı ailənin işğal altında olan ərazilərdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var

XİN: Erməni mənşəli yüzlərlə suriyalı ailənin işğal altında olan ərazilərdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var
# 02 mart 2016 09:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər həyata keçirən xarici vətəndaşların, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması gündəlikdədir”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

O bildirib ki, Respublika Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq işlər aparılır: “Belə bir fakt var ki, İsveçrə şirkətlərindən birinin sahibi Frank Müller barəsində cinayət işi başlanıb. Əvvəlcə o şəxsin vətəndaşı olduğu ölkəyə müraciət edilib. Onun qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün effektiv tədbir görülmədiyindən Azərbaycanın milli qanunvericiliyi əsasında cinayət işi açılıb".

H. Hacıyevin sözlərinə görə, ATƏT-in həmin ərazilərdə təşkil etdiyi faktaraşdırıcı missiyasının bəyanatda deyilir ki, bu cür qeyri-qanuni fəaliyyətlər münaqişənin həllinə ciddi maneə törədir: “Təkzibolunmaz faktlarının nəticələrinin aradan qaldırılması üçün təsiredici addımlar atılmayıb. Bu xüsusi müzakirə mövzusudur. Həmsədrlər münaqişənin həllində bilavasitə vasitəçi olduqları üçün onlar tərəfindın də müvafiq addımlar atılmalıdır. Onu da qeyd edim ki, bu kimi missiyalarla bağlı ermənilər tərəfindən ciddi maneələr yaradılır”.

H. Hacıyev bildirib ki, işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər, əsasən, erməni diasporu ilə əlaqəsi olan və erməni əslli şəxslər tərəfindən həyata keçirilir: “Amma qazanc məqsədi ilə bu işlə məşğul olan xarici vətəndaşlar da var. Bununla yanaşı, humanitar missiya adı altında vergidən azad olan şəxslər həmin ərazilərdə müxtəlif infrastruktur layihələr həyata keçirirlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri bu layihələrə cəlb olunduğu halda, biz bu məsələni onların vətəndaşı olduğu ölkə ilə hökumətlərarası komissiyaların iclasında da qaldırırıq”.

XİN sözçüsü Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırıldığını da deyib: “15-20 min suriyalı qaçqın Ermənistana yerləşdirilib.Onlardan yüzlərlə ailənin işğal altında olan ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR