Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb
# 02 mart 2016 08:28 (UTC +04:00)

Bakı - APA-Economics. Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, iclasda dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.

Audit nəticəsində komitə və onun tabeliyində olan qurumlar tərəfindən büdcə təkliflərində zəruri amillərin nəzərə alınmadığı, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsaitlərin nəzərdə tutulduğu, nəticədə auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 7,7%-i istifadə olunmayaraq büdcəyə qaytarıldığı, əmək haqqı, mükafat və məzuniyyət haqqının ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiq edilmiş normalardan artıq vəsait xərc edildiyi, bəzi hallarda vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməklə icra olunduğu, ezamiyyə və avtomobil vasitələrinin saxlanılması ilə bağlı normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hədlərə riayət edilmədiyi müəyyən olunub.

Eyni zamanda, komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilmədiyi diqqətə çatdırılıb.

İclasda kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə kollegiya qərarının surəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib, auditin nəticələri üzrə Milli Məclisinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR