AZAL fləşmob keçirib

AZAL fləşmob keçirib
# 18 dekabr 2015 07:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fləşmob keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şəhərin qonaqlarını I terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Bülbül adına musiqi məktəbinin kiçik simfonik orkestri qarşılayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fləşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr II mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR