Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Kissincerlə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Kissincerlə görüşüb
# 21 sentyabr 2016 09:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ABŞ-ın dövlət xadimi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer ilə görüşüb.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş "Appeal of Concience" Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub.

H. Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, bildirilib ki, Qlobal Bakı Forumu dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Qeyd edək ki, 2014-cü ildə nüfuzlu siyasi xadim Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR