SOCAR: Son monitorinq zamanı "Günəşli" yatağının ətrafında neft sızıntıları müşahidə olunmayıb

SOCAR: Son monitorinq zamanı "Günəşli" yatağının ətrafında neft sızıntıları müşahidə olunmayıb
# 16 dekabr 2015 11:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da da davam etdirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssislərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıb. “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb. Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılıb. Bəzi xarici kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.

Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə müvafiq işçi qrupu qəza baş verdikdən dərhal sonra yaradılıb və qrupun həyata keçirdiyi tədbirlər planına uyğun olaraq monitorinqlər mütəmadi olaraq davam etdirilir. Monitorinqlərin nəticələri barədə vaxtaşırı olaraq ictimaiyyətə məlumatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR