Bakının şimal və cənub hissəsindəki duracaqlardan mərkəz istiqamətində xüsusi avtobuslar xəttə buraxılacaq

Bakının şimal və cənub hissəsindəki duracaqlardan mərkəz istiqamətində xüsusi avtobuslar xəttə buraxılacaq
# 12 sentyabr 2015 13:47 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar Şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobillər üçün müvəqqəti duracaq yerləri ayrılıb.

Nəqliyyat Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib.

Belə ki, avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – Qafqaz universiteti yaxınlığından 20 Yanvar metrostansiyasına kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq. Eyni zamanda 135 və 199 saylı marşrut avtobusları Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 saylı avtobusla Memar Əcəmi m/s-na və 199 saylı avtobusla Xətai prospektinə gedə biləcəklər.

Cənub istiqamətində yerləşən duracaq yerindən isə vətəndaşların şəhərə gəlməsi üçün 206 saylı marşrut avtobusu ayrılıb. 206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi – Dairəvi Yol- Elmlər Akademiyası m/s-nı keçməklə hərəkət edəcək. Həmçinin bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu da avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.

Yeni inşa edilən dayanacaqlardan Bakı istiqamətində müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb. Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR