SOCAR istiqrazlarının təqdimatı keçirilib

SOCAR istiqrazlarının təqdimatı keçirilib
# 16 sentyabr 2016 09:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün SOCAR istiqrazlarının ictimai təqdimatı keçirilib.


"APA-Economics"in xəbərinə görə, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq bu ilin sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq. Onun sözlərinə görə, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. R. Abdullayev qeyd edib ki, istiqrazların buraxılışı tək mərhələdə və 100 mln. ABŞ dolları həcmində olacaq: "İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcək".

R. Abdullayev bildirib ki, SOCAR istiqrazları başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın layihələrində iştirak edib, mənfəətindən birbaşa pay əldə etməsi, həmçinin aktiv dövriyyədə olmayan, vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi üçün nəzərdə tutulub. O, əlavə edib ki, istiqrazlardan əldə olunan gəlirdən vergi tutulmayacaq.

R. Abdullayev vurğulayıb ki, SOCAR-ın ölkədaxili istiqraz emissiyası şirkətin kənardan cəlb etdiyi maliyyə vəsaitlərinin həcmini artırmayacaq: "Çünki istiqraz satışından cəlb olunan vəsait maliyyələşmə portfelinin şaxələndirilməsinə yönəldiləcək. SOCAR-ın beynəlxalq maliyyə əməliyyatları əsasən xarici valyutada gerçəkləşdiyinə görə, hazırkı emissiyada istiqrazların dəyəri ABŞ dolları ilə ifadə olunur. SOCAR-ın maliyyə imkanları və əvvəlki istiqraz emissiyalarına nisbətdə bu məbləğ kiçik görünsə də, aktiv olmayan vəsaitlərin iqtisadiyyatımıza cəlb edilməsi və iqtisadi əməliyyatların canlandırılması baxımından bu olduqca mühüm olan ilk addımdır".

SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən “AzFinance İnvest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, "Kapital Bank" və digər banklardan əldə etmək mümkün olacaq.

Satış üçün son tarix 10.10.2016-cı il təyin edilib.

Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov qeyd edib ki, SOCAR istiqrazlarının buraxılması ölkənin maliyyə bazarlarının inkişafına gətirib çıxaracaq: "SOCAR istiqrazlarının buraxılması gəlirlərin xalqla bölüşdürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu addım şəffaflığın, ictimai nəzarətə açıq olmanın göstəricisidir".

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı SOCAR istiqrazlarının buraxılmasını xüsusi hadisə adlandırıb: "Biz bu prosesin davamını gözləyirik. İstiqrazdan sonra SOCAR-dan səhm təklifini gözləyirik".

Sonda rəmzi istiqraz kağızlarının imzalanma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR