Abid Şərifov: "Çindən bölgə ölkələrinə yüklərin göndərilməsi hər bir ölkəyə, o cümlədən Azərbaycana da faydası olacaq"

Abid Şərifov: "Çindən bölgə ölkələrinə yüklərin göndərilməsi hər bir ölkəyə, o cümlədən Azərbaycana da faydası olacaq"
# 15 oktyabr 2015 18:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İpək Yolunun bərpa edilməsi hər bir ölkənin inkişafı üçün prioritetdir, həmçinin bu yolun Azərbaycan üçün böyük faydası var. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə İpək Yolu Forumunda iştirak edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İpək Yoluna həsr olunan Forumun keçirilməsi hər bir ölkə üçün əhəmiyyət daşıyır:

“Tiflisdə keçirilən Forumun mahiyyəti İpək Yolunun inkişafı haqqında idi. 1998-ci ilin sentyabrında 12 dövlət başçılarının iştirakı və 33 ölkənin nümayəndələrinin iştirakı ilə İpək Yoluna həsr olunan beynəlxalq konfrans keçirildi və bu tədbirdə TRACECA dəhlizinin yaradılması qərara alınıb. Tədbirdən sonra TRACECA ölkələrində, o cümlədən Azərbaycanda da müxtəlif layihələr həyata keçirilməyə başlandı. Azərbaycanda istər dəniz, hava və dəmir yolu sektorunda ən yüksək səviyyədə layihələr həyata keçirildi. Bakıda regionda tayı olmayan dəniz limanı tikilib. Onun yük keçirmə gücü bir ildə 35 milyon tondur. Xəzər Dəniz Gəmiçiliyi üçün bərələr alınıb. Bakıdan Gürcüstana qədər dəmir yolu bərpa olunub. Artıq yük qatarları saatda 100 kilometrədək sürətlə hərəkət edəcək. İpək Yolu layihəsi ilə əlaqədar Bakıdan Tiflisə kimi 503 kilometr avtomobil yolu tikilir”, deyə Abid Şərifov bildirib.

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi haqqında fikir bildirən baş nazir müavini bu layihəni möcüzə adlandırıb: "Bu Azərbaycan prezidentinin həqiqətən bizə verdiyi möcüzəsidir, bəxş etdiyi töhfədir. Biz heç vaxt xəyalımıza gətirməzdik ki, Bakıdan sərnişin qatarına oturub İstanbula və ya Avropa ölkələrinə səyahət edəcəyik. İndi Bosfor boğazının altından dəmir yolu tikilib. Bu möcüzənin istifadəyə verilməsi 2016-cı ildə gözlənilir. Mən Tiflisdəki Forumda öz çıxışımda qeyd etdim ki, Çindən Azərbaycana 6 günə yük qatarı gəlib. Bir sözlə, Çin şirkətləri vasitəsi ilə yüklərin bölgə ölkələrinə göndərilməsi hər bir ölkəyə, o cümlədən Azərbaycana da faydası olacaq", deyə A. Şərifov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR