AMEA-nın ümumi yığıncağının gündəliyi açıqlanıb

AMEA-nın ümumi yığıncağının gündəliyi açıqlanıb
# 27 aprel 2016 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Ümumi yığıncağı keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edəcəklər.

Ümumi yığıncağın gündəliyində AMEA-da "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işlər, reallaşdırılan layihələr, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası, AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, o cümlədən AMEA-da bəzi struktur islahatları, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı kimi məsələlər yer alıb.

Tədbirdə elmi infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qabaqcıl texnologiyalar əsasında qurulması, yüksəkixtisaslı kadrların hazırlanması, elm, təhsil və istehsalın inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, nəhayət, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə geniş məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR