Vasif Talıbov: “Gənclərlə işə ciddi diqqət yetirmək lazımdır ”

Vasif Talıbov: “Gənclərlə işə ciddi diqqət yetirmək lazımdır ”
# 15 yanvar 2016 23:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğu-APA. “Əgər sabitliyi qorumaq, cinayət hadisələrinin qarşısını almaq, ölkənin gələcək inkişafını təmin etmək istəyiriksə, o zaman gənclərlə işə ciddi diqqət yetirmək lazımdır”.

APA-nın məlumatına görə, bunu yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov bildirib.

V. Talıbov deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Bu gün muxtar respublika əhalisinin 60 faizdən çoxunu 35 yaşadək gənclərin təşkil etməsi qarşıya mühüm vəzifələr qoyur: “Hazırda muxtar respublikada 7 yaşdan 18 yaşadək 89 min uşaq və gənc var ki, onun da 46 min 853-ü oğlan, 42 min 147-si qızdır. Oğlanlardan 30 min 55 nəfəri, yaxud 64 faizi, qızlardan isə 7 min 226 nəfəri, yaxud 17 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 133-ü idmanla məşğul olur ki, bunun da 102-si oğlan, 31-i isə qızdır. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə gənclərin idmana cəlbi istiqamətində irəliləyişlər olsa da, aparılmış təhlillər onu deməyə əsas verir ki, yaradılan şəraitdən heç də tam istifadə olunmur”.

Ali Məclisin vurğulayıb ki, bu gün muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlardan bütün vətəndaşların, o cümlədən gənclərin səmərəli istifadə etməsinə nail olunmalıdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi istiqamətində fəaliyyətlərini gücləndirməli, idmanın kütləviliyi təmin olunmalı, idman obyektlərindən və qurğularından istifadə əhali üçün əlçatan olmalıdır: “Mütəxəssislər və peşəkar məşqçilər olmadan gənc idmançıları yetişdirmək və onları beynəlxalq yarışlara hazırlamaq mümkün deyil. 2015-ci ildə federasiyaların bu istiqamətdəki fəaliyyətlərində canlanma müşahidə olunsa da bu, işin tam həll olunması demək deyil. Buna görə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları məşqçilərin hazırlanması və peşəkar məşqçilər dəvət etməklə muxtar respublikada seminar və məşğələlərin keçirilməsini davam etdirməlidir”.

V. Talıbov onu da nəzərə çatdırıb ki, ümumtəhsil məktəblərində nümunəvi şəraitin yaradılmasına baxmayaraq, hələ də fiziki tərbiyə fənninin tədrisində mövcud imkanlardan lazımınca istifadə olunmur: “ İbtidai siniflərdə isə fiziki tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması halları mövcuddur. Uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi səviyyəsi olduqca aşağıdır. Uşaqların sağlamlığının qorunması baxımından bu məsələlər tam aradan qaldırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR