BMT: “Şərqi Avropa və Mərkəzi Asiyada orta təbəqə 2001-ci ildən bəri üç dəfə artıb”

BMT: “Şərqi Avropa və Mərkəzi Asiyada orta təbəqə 2001-ci ildən bəri üç dəfə artıb”
# 10 fevral 2016 07:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova -APA. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində orta təbəqə 2001-ci ildəki 33 milyon nəfərdən artaraq 2013-ci ildə 90 milyon nəfərə çatıb.

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, bu barədə BMT-nin İnkişaf Proqramının yeni araşdırmasında deyilir.

Araşdırmada qeyd edilir ki, həmin dövr ərzində, regionda yoxsul vəziyyətdə yaşayan insanların sayı 2001-ci ildə ən azı 46 milyon nəfərdən 2013-ci ildə təxminən 5 milyon nəfərə düşüb:

"Lakin regionun inkişafı təhlükə altındadır və əsas diqqət dayanıqlı inkişaf perspektivlərinin təkmilləşdirilməsinə yönəldilməlidir. Avropa, Rusiya Federasiyası və regionun digər ölkələrinin çoxunda kəskin şəkildə aşağı düşən əmtəə qiymətləri, getdikcə azalan pul köçürmələri və aşağı templi iqtisadi artımla gəlir və iş yerlərinin yaradılması imkanları yox olmaqdadır. Məsələn, Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan və Tacikistanda bir çox müxtəlif qrupları istisna etməklə, həssas məşğulluq işçilərinin payının artıq 50 faizə yaxın olduğu təxmin edilir”.

Tədqiqata görə, gender fərqlərinin aradan qaldırılmasına sərmayə yatırılması yalnız qadınların vəziyyətini əsaslı şəkildə yaxşılaşdırmayacaq, həmçinin, bütün region üzrə iqtisadi artım tempini sürətləndirəcək və rifah səviyyəsini yaxşılaşdıracaq:

“Region daha çox ekoloji baxımdan dayanıqlı inkişaf modellərini həyata keçirməkdən faydalanardı. Bir çox ölkələr hazırda bərpa oluna bilməyən yanacaq, minerallar və əlvan metalların hasilatı və emalından asılıdırlar. Yaşıl inkişaf karbon tullantılarının qarşısının alınması, ekoloji tənəzzül tempinin aşağı salınması ilə iqtisadiyyatın şaxələndirilməsi və iş yerlərinin yaradılmasını vəd edir.

İdarəetmədə təkmilləşdirmələr həm cəmiyyətdə və iqtisadiyyatda vətəndaşların iştirakını, həm də əsas sosial xidmətlərin daha yaxşı göstərilməsini təmin etmək üçün lazımdır. Regionun bütün ölkələrində, məsələn, korrupsiya problemi əhalinin narahat edən məsələlər sırasında yüksəkdə durur və çox vaxt yalnız iqtisadiyyat və aşağı yaşayış səviyyəsindən sonra ikinci yeri tutur.

Bərabərsizlik və təcrid yeni qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin mərkəzində durur. BMT-nin üzv dövlətləri yoxsulluğun aradan qaldırılması, bərabərsizliyə qarşı mübarizə, dinc, inkluziv və möhkəm cəmiyyətlərin qurulması və planetin gələcəyinin və gələcək nəsillərin rifahının təmin edilməsini öz öhdəliyi kimi götürüblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR