ABŞ Konqresi federal qurumların fəaliyyətinin dekabrın 11-dək maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
C-SPAN telekanalının məlumatına görə, nümayəndələr Palatasında keçirilən səsvermədə 370 konqresmen qanun layihəsinin lehinə, 48-i isə əleyhinə səs verib. Sənədin qəbul edilməsi üçün Nümayəndələr Palatasının üzvlərinin ən azı üçdə ikisinin dəstəyi tələb olunurdu.
Qanun layihəsi avqustun 8-də ABŞ Senatı tərəfindən də təsdiqlənib. Sənəd indi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.
Layihə sentyabrın 30-da başa çatan maliyyə ilindən sonra federal qurumların hazırkı səviyyədə maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutur.
"Associated Press"in məlumatına görə, sənəd noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində və seçkilər zamanı federal hökumətin fəaliyyətinin mümkün dayanmasının, yəni “şatdaun”un qarşısını almaq məqsədi daşıyır.
Qeyd olunur ki, son bir il ərzində ABŞ federal hökuməti iki dəfə uzunmüddətli maliyyələşmə böhranı ilə üzləşib.