ABŞ-Ukraynanın Birgə Yenidənqurma İnvestisiya Fondu ilk kritik minerallar layihəsi üzrə saziş bağlayıb və daha dörd yeni layihəyə start verib.
APA xəbər verir ki, fondun layihələrinin ümumi dəyəri hazırda təxminən 70 milyon dollar təşkil edir.
Fondun ilk mineral layihəsinə təxminən 30 milyon dollar yatırılacaq. İnvestisiya Ukraynanın “BGV Group” şirkəti ilə birgə platformaya yönəldiləcək.
İlkin mərhələdə Ukraynada erkən mərhələdə olan mədən layihələrinə, xüsusilə nadir torpaq elementləri, uran, berillium və sirkonium yataqlarına diqqət yetiriləcək.
Fondun investisiya şöbəsinin rəhbəri Konor Koulmanın sözlərinə görə, bu resursların hamısı ABŞ-ın kritik minerallar siyahısındadır və layihələr Vaşinqtonun prioritetləri ilə üst-üstə düşür.
Yeni layihələrdən ikisi isə Ukraynanın elektrik və istilik sistemlərinin gücləndirilməsinə yönəlib. Onlardan biri təxminən 600 min Ukrayna evini iki saata qədər ehtiyat elektrik enerjisi ilə təmin edə biləcək batareya sisteminin yaradılmasını nəzərdə tutur. Digər layihə isə zədələnmiş elektrik və istilik sistemlərinin bərpası üçün enerji mərkəzləri şəbəkəsinin yaradılmasına yönəlib.
Fond 2025-ci ilin aprelində ABŞ və Ukrayna arasında imzalanmış kritik minerallar sazişi əsasında yaradılıb və mineral ehtiyatlarla yanaşı müdafiə, enerji və infrastruktur kimi strateji sahələrə investisiya yatırır.