Paşha Bank
Bank Of Baku

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ
# 02 oktyabr 2026 21:12 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində bu gün keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın növbəti hesabat-seçki toplantısı kimi deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi mərhələnin ilk qurultayı kimi yadda qaldı.

Qurultayın əsas siyasi mesajını isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin çıxışı müəyyənləşdirdi.

Prezident çıxışının əvvəlində qurultayın Azərbaycan üçün yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirildiyini vurğuladı. Bu dəfəki toplantını əvvəlki – VII qurultaydan fərqləndirən əsas məqam da məhz budur. 2021-ci ildə keçirilən VII qurultay İkinci Qarabağ müharibəsindəki Zəfərdən cəmi bir neçə ay sonra baş tutmuşdu. İndiki qurultay isə artıq Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdiyi mərhələyə təsadüf edir.

Prezidentin sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində “təkbaşına” işğala son qoyub və bölgədə yeni reallıqlar yaradıb. İlham Əliyev bu ifadəni çıxışının müxtəlif hissələrində bir neçə dəfə təkrarladı.

Bu fikir sadəcə Qarabağ müharibəsinin hərbi nəticəsinə verilən siyasi qiymət kimi deyil, həm də son illərdə Azərbaycanın qarşılaşdığı beynəlxalq təzyiqlər və ölkənin Zəfərinin müxtəlif müstəvilərdə izahı ilə bağlı mesaj kimi səsləndi. Prezident çıxışında müharibə zamanı Azərbaycana təzyiqlər göstərildiyini, hədələrin səsləndirildiyini, hətta bəzi ölkələrdə Azərbaycana qarşı sanksiyaların tətbiqinin müzakirə olunduğunu bildirdi.

İlham Əliyev Azərbaycanın buna baxmayaraq geri çəkilmədiyini vurğuladı.

“Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır”, – deyən Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra formalaşan reallıqlar artıq bütün dünya tərəfindən qəbul edilir.

Çıxışın bu hissəsi xüsusilə diqqətçəkən idi. Çünki Prezident Qarabağ münaqişəsinin həlli tarixindən danışarkən yalnız hərbi əməliyyatları deyil, uzun illər ərzində aparılan diplomatik mübarizəni, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin müdafiəsini və ölkənin üzləşdiyi təzyiqləri də xatırlatdı.

Beləliklə, qurultayın əsas siyasi xəttində iki tarix xüsusi yer aldı: 8 noyabr – İkinci Qarabağ müharibəsindəki Zəfər və 20 sentyabr – Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpa edildiyi gün.

Prezidentin çıxışında diqqət çəkən digər məqam Azərbaycanın son illərdə qarşılaşdığı “ikili standartlar” məsələsi oldu. İlham Əliyev bəzi xarici dairələrin Ermənistanın indiki rəhbərliyini fərqli təqdim etməyə çalışdığını deyərək, Azərbaycanın özünün yaşadığı tarixi xatırlatdığını bildirdi. Onun fikirlərindən aydın görünürdü ki, Bakının əsas mövqelərindən biri müharibə və münaqişə tarixinin yenidən yazılmasına, yaxud ayrı-ayrı epizodların siyasi kontekstdən çıxarılmasına etirazdır.

Bu baxımdan “biz bunu təkbaşına etdik” mesajının qurultayda səsləndirilməsi yalnız keçmiş müharibəyə retrospektiv baxış deyil. Çıxışın ümumi məzmunundan görünən digər xətt Azərbaycanın bundan sonra da siyasi qərarlarını müstəqil şəkildə qəbul etmək niyyətinin vurğulanması idi.

Qurultayda sosial mesaj da verildi

Prezidentin çıxışında ən çox diqqət çəkən və birbaşa insanların gündəlik həyatına təsir edə biləcək mesajlardan biri isə sosial ödənişlərlə bağlı oldu.

İlham Əliyev bildirdi ki, gələn il minimum əməkhaqqı artırılacaq. Bununla yanaşı, pensiyaların və sosial müavinətlərin də yüksəldiləcəyini açıqladı.

“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, – Prezident deyib.

Prezident bu addımların əhalinin rifahının ildən-ilə yaxşılaşdırılması siyasətinin davamı olduğunu bildirdi. Bununla yanaşı, belə artımların davamlı olması üçün iqtisadi inkişafın vacibliyini vurğuladı.

Bu mesaj qurultayın siyasi gündəmindən sosial gündəmə keçid yaradan əsas məqamlardan biri oldu. Çünki tədbirin böyük hissəsində Qarabağ, suverenlik, geosiyasi reallıqlar, ideoloji təhlükəsizlik və Azərbaycanın beynəlxalq mövqeyi barədə danışıldığı halda, minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı açıqlama birbaşa əhalinin sosial rifahına yönəlmiş konkret vədlər sırasında yer aldı.

Prezident eyni zamanda investisiyaların iqtisadi inkişaf üçün əhəmiyyətindən danışdı və son iki ildə keçirilmiş Beynəlxalq İnvestisiya forumlarında imzalanan kontraktların ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirdi.

Qurultayın arxa fonu

Heydər Əliyev Mərkəzindəki qurultay zalında diqqət ilk növbədə Prezidentin çıxışına yönəlmişdi. Dövlət başçısının çıxışı zamanı zalda nümayəndələrin diqqətlə dinləməsi, ayrı-ayrı siyasi və tarixi məqamların alqışlarla qarşılanması qurultayın əsas ab-havasını formalaşdırırdı.

Qurultayın keçirildiyi Heydər Əliyev Mərkəzinin özü də tədbirin vizual fonunun mühüm hissəsini təşkil edirdi. Burada partiyanın tarixini, onun təsisindən bu günə qədər keçdiyi siyasi yolu və Azərbaycanın son illərdə əldə etdiyi nəticələri əks etdirən ümumi qurultay atmosferi yaradılmışdı.

Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə

VIII Qurultay partiyanın təşkilati strukturunda köklü dəyişikliklərlə yadda qalmadı. İdarə Heyətinin 40 nəfərlik yeni tərkibi təsdiqləndi. Əvvəlki tərkibdə olan çoxsaylı tanınmış adlar yeni İdarə Heyətində də yer aldı, eyni zamanda bir sıra yeni simalar tərkibə daxil edildi.

Bu baxımdan qurultayın nəticələrini kəskin kadr dəyişikliyi kimi təqdim etməkdən daha çox, mövcud siyasi komandanın əsas konturlarının qorunması və onun müəyyən qədər yenilənməsi kimi xarakterizə etmək mümkündür.

Qurultayda Təftiş Komissiyasının yeni tərkibi də təsdiqləndi. Təftiş Komissiyasının qurultaydakı rolu isə yalnız yeni tərkibin seçilməsi ilə məhdudlaşmadı. VII qurultaydan sonrakı dövrdə komissiyanın gördüyü işlər və partiyanın maliyyə-təşkilati fəaliyyətinin nəzarətdə saxlanılması ilə bağlı hesabat xarakterli məsələlər də gündəmdə oldu.

Sədrin səlahiyyət müddəti ilə bağlı mühüm dəyişiklik

Qurultayın təşkilati baxımdan ən mühüm yeniliklərindən biri YAP sədrinin səlahiyyət müddəti ilə bağlı Nizamnamə dəyişikliyi oldu.

Əvvəlki Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 il idi və müddət başa çatdıqdan sonra sədr qurultay tərəfindən yenidən seçilə bilərdi. VIII Qurultayda bu beşillik məhdudiyyət aradan qaldırıldı. Beləliklə, Nizamnamədə sədrin səlahiyyət müddətinin 5 illə məhdudlaşdırılması ilə bağlı norma çıxarıldı.

Qurultayın siyasi mesajı

YAP-ın VIII Qurultayının yekun mənzərəsi bir tərəfdən partiyanın ənənəvi siyasi xəttinin davam etdirildiyini, digər tərəfdən isə Azərbaycanın artıq yeni – ərazi bütövlüyü və suverenliyin tam bərpa olunduğu mərhələdə fəaliyyət göstərdiyini göstərir.

Qurultayda qəbul edilən qərarlarda böyük struktur dəyişiklikləri baş verməsə də, siyasi baxımdan toplantının konteksti əvvəlki qurultaylardan fərqlidir. Prezidentin çıxışında Qarabağ münaqişəsinin tarixinin yekunlaşdırılması, Azərbaycanın hərbi və siyasi nəticələrinin vurğulanması, xarici təzyiqlərə münasibət, ideoloji təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah məsələləri bir xətt üzərində birləşdirildi.

Əgər VII Qurultay Zəfərdən dərhal sonra formalaşan yeni reallığın ilk siyasi toplantısı idisə, VIII Qurultay həmin reallığın artıq Azərbaycanın dövlət siyasətinin əsas fonuna çevrildiyini nümayiş etdirdi.

Heydər Əliyev Mərkəzindən çıxan əsas mesaj da məhz bu idi: Azərbaycanın qarşısında artıq yalnız keçmiş münaqişənin nəticələrini aradan qaldırmaq deyil, əldə olunmuş siyasi, hərbi və ərazi nəticələri yeni geosiyasi, iqtisadi və sosial mərhələdə möhkəmləndirmək vəzifəsi dayanır.

Və Prezident İlham Əliyevin qurultayda dəfələrlə vurğuladığı kimi, bu xəttin əsasını Azərbaycanın öz qərarlarını özü verməsi, əldə etdiyi nəticələri qoruması və yeni mərhələdə də müstəqil siyasət yürütməsi təşkil edir.

Bu qurultay mənim üçün həm də fərqli və yeni bir təcrübə ilə yadda qaldı. Əvvəlki qurultaylarda jurnalist kimi əsasən tədbir məkanından kənarda xəbərləri əldə etməyə və operativ şəkildə hazırlamağa çalışırdım. Bu dəfə isə ilk dəfə Qurultay zalından birbaşa APA üçün xəbərləri hazırlamaq və oxuculara çatdırmaq imkanım oldu.

Qurultayın gedişində səsləndirilən fikirləri yerindəcə izləmək, mühüm məqamları operativ şəkildə seçmək və xəbərə çevirmək həm məsuliyyətli, həm də fərqli jurnalist təcrübəsi idi. Xüsusilə ə səslənən mühüm mesajların elə zalın içindən APA-nın oxucularına ilk təqdim edənlərdən biri olmaq bu qurultayı mənim üçün peşəkar baxımdan ayrıca əhəmiyyətli etdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR