DGK sədrinin müavini Şahin Bağırov “CEO Lunch Baku”da iştirak edib

DGK sədrinin müavini Şahin Bağırov “CEO Lunch Baku”da iştirak edib
# 17 yanvar 2018 14:27 (UTC +04:00)

“Caspian European Club” bu gün Bakıda X “CEO Lunch Baku” keçirib.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, fəxri qonaq qismində “CEO Lunch”da Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov iştirak edib.

“Caspian European Club”un üzvlərini salamlayan Şahin Bağırov “CEO Lunch” formatında görüşlərin müntəzəm xarakter daşımasının müsbət hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bu gün Dövlət Gömrük Komitəsi ilə Klub arasında yüksək səviyyəli sıx əməkdaşlıq qurulub ki, bu da ölkə iqtisadiyyatımızın inkişafına öz töhfəsini verir.

“Dövlət Gömrük Komitəsinin fəaliyyət prioritetlərindən biri də Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq və göstərilən dəstəkdir”, - deyə o söyləyib. Ş. Bağırov qonaqlara həmçinin Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrdən və gələcək planlarından danışıb. Sonda o, CEO Lunch-ın bütün iştirakçılarına yeni ildə qarşıya qoyulmuş məqsədlərə nail olmağı arzulayıb.

“Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli öz növbəsində fəal iştiraka və səmərəli müzakirələrə görə tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib və “CEO Lunch Baku”nun dövlət qurumları ilə özəl sektor arasında dialoqun nizamlanmasında aparıcı rol oynadığını, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni iş əlaqələrinin qurulması üçün əlavə imkanlar yaratdığını qeyd edib.

Fürsətdən yararlanan M. Abbasbəyli “CEO Lunch Baku”nun bütün rəsmi qonaqlarını və iştirakçılarını Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə 2018-ci il aprelin 12-də keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib.

“Caspian Energy Forum Tbilisi”nin açılış mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın “Caspian Energy Georgia” şirkətidir. Görüş iştirakçıları üçün “Nabucco A&C” şirkətinin təqdimatı keçirilib. Tədbirdə 80-ə yaxın biznesmen iştirak edib.

“CEO Lunch Baku”da sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

“Caspian European Club”a daxil olan və buradakı iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

M. Abbasbəyli “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Onun sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, CEO, “CEO lunch”, “Brand Award” və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və “Caspian Energy International Media Group”a məxsusdurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR