“Açıq İnnovasiyalar üzrə Startap Turu - 2017” Azərbaycanın ən yaxşı startaplarını seçəcək

“Açıq İnnovasiyalar üzrə Startap Turu - 2017” Azərbaycanın ən yaxşı startaplarını seçəcək
# 17 aprel 2017 10:32 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın "Skolkovo" fondunun təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən "Open İnnovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) Azərbaycanın ən yaxşı startaplarını müəyyən edəcək.

"APA-Economics" xəbər verir ki, müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir.

Bundan başqa, startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startapçılar üçün müsabiqə keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov Azərbaycanda startaplara göstərilən dəstəyi qeyd edərək bildirib ki, nazirlik və onun tərkibində fəaliyyət göstərən qurumlar, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC ölkədə startapların fəaliyyəti, dövlət tərəfindən dəstəklənməsi, onlara münbit şəraitin yaradılması üçün geniş fəaliyyət göstərirlər.

“Müsabiqənin mahiyyəti ondan ibarətdir ki, Rusiyanın bir çox şəhərlərində və bəzi qonşu ölkələrdə Açıq İnnovasiyalar üzrə Startap Turu zamanı müəyyən startaplar, daha uğurlu layihələr seçiləcək və onlar yekunda finalda maliyyə dəstəyi uğrunda müsabiqəyə qatılacaqlar. İnanırıq ki, Azərbaycan startapçıları bu müsabiqədə çox uğurla iştirak edəcəklər. Ən azı bu böyük prosesin tərkib hissəsində olacaqlar və dünyada gedən startap proseslərinin, yeni innovativ ideyaların dəstəklənməsi, onların üzə çıxması və seçilməsi prosesində iştirak edəcəklər”, - deyə T. Məmmədov vurğulayıb.

Şöbə müdirinin sözlərinə görə, hal-hazırda müsabiqədə 200-dən çox azərbaycanlı startupçı iştirak edir və onlar öz layihələrin təqdim etməklə beynəlxalq prosesdə iştirak edəcəklər: “Bu startap turu təkcə Rusiyanın regionlarında deyil, eyni zamanda bir sıra qonşu ölkələri də əhatə edir. Yekunda Azərbaycanda bir neçə startap layihəsinin qalib gəlməsi gözlənilir. Fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən startapçılara, öz innovativ ideyalarına dəstək almaq istəyən gənclərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən artıq növbəti qrant müsabiqə elan olunub. Bu istiqamətdə də aktiv olsunlar, qeydiyyatdan keçməklə öz layihələrin təqdim etsinlər. Öz layihələrinin Azərbaycan dövlətinin dəstəyi ilə reallaşdırmaq üçün mövcud yaranmış şəraitdən faydalansınlar”.

Qeyd edək ki, cari ildə iştirakçılar layihələrini investor və biznes ekspertlərinə təqdim etmək, Rusiyanın əsas “Startup Village” startap konfransında iştirak etməklə yanaşı, özlərini “GeneretionS” akselerasiyası proqramlarında sınamağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR