Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” sammitinə qatılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” sammitinə qatılıb
# 26 sentyabr 2017 12:46 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Nyu Yorkda keçirilən “Concordia” sammitində iştirak edib. NGBM-nin dəstəyi ilə baş tutan sammitə Mərkəzin İdarə Heyətinin üzvləri - Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev, Peter Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın eks-prezidenti Tarya Halonen, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko və xanımı qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sammit çərçivəsində Mərkəzin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərçivəsində Maltanın baş naziri Jozef Muskat, Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Lagarde, Dünya Bankının baş direktoru Kristalina Qeorqiyeva, CNN telekanalının aparıcısı, jurnalist və siyasi şərhçi Farid Zakariya, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, dünyanın ən böyük transmilli korporasiyalarından sayılan “BlackStone”un rəhbəri və başqaları ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, əməkdaşlıq imkanları, 2018-ci ildə keçiriləcək VI Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il sentyabr ayında Nyu-York şəhərində keçirilən “Concordia” sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR