“ADA” Universitetində yeni Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılacaq

“ADA” Universitetində yeni Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılacaq
# 19 oktyabr 2016 15:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ADA Universitetində “British Petroleum”un (BP) maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılacaq. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqaviləni “ADA” Universitetinin rektoru Hafiz Paşayev və BP-nin regional prezidenti Qordon Birrell imzalayıblar.

“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib. Onun sözlərinə görə, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq, ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacaq.

Təhsil naziri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq yaradılacaq “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq: “Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər. Bu da onlara öz növbəsində, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birreli bildirib ki, bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. BP və tərəfdaşları üçün bu layihə, həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan “ADA” Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.

Qeyd edilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. “ADA” Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR